Ana səhifə / Əsas Xəbər

10 manata işləyən Müşfiq Rəhimov biznesi

3974
10 manata işləyən Müşfiq Rəhimov biznesi
Və ya «İnkassator» Hacı Murad, 10 manata yazılan arayış, şıdırğı nömrə alveri və otaq qapılarının çöldən dəstəyi olmaması məsələsi

Ötən günlərdə xəbər vermişdik ki, BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsində bir sıra özbaşınalıqlar yaşanır, həmçinin şöbənin rəis müavini Müşfiq Rəhimov açıq şəkildə dövlət nömrə nişanlarının satışı ilə məşğul olur.LİDERİNFO.AZ-ın məlumatına görə, hazırda Rəhimovun başı əsasən 10 OO ilə başlayan nömrələrin satışına qarışıb. Hətta bununla bağlı qiymət cədvəlini də oxucuları təqdim etmişdik.

Pulsuz yazılmalı olan ərizə 10 manata necə başa gəlir?

Əslində, BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsində pulsuz olan heç nə yoxdur. Qapıdan içəri girdiyin andan pul vermək məcburiyyətində qalırsan. Səbəb isə Rəhimovun yaratdığı sistem və hər bir polisdən tələb etdikləridir.

LİDERİNFO.AZ xəbər verir ki, İQŞ-dən dövlət nömrə nişanı almaq qanunlu həddindən artıq asandır. Bunun üçün banka 18 manat pul ödədikdən sonra qəbzini müvafiq quruma təqdim edirsən və qısa zaman kəsimində nömrəni alıb, oradan uzaqlaşırsan. Amma bunlar normal qaydalar üçün nəzərdə tutulmuş hallardır. Müşfiq Rəhimovun rəhbərlik etdiyi şöbədə isə nə bank yeri bilən var, nə də qəbz gətirən.

Burada nömrə almaq üçün hər şeydən pul çıxarılır. Məsələn, hər hansı bir vətəndaş dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün İQŞ-nin rəisinin adına ərizə yazmalıdır. Təbii ki, şöbədə bu prosesə əməl edilir və ərizə yazdırılır. Amma 10 manata. Sual ola bilər ki, bir ərizənin yazılması üçün 10 manat kimə və nəyə lazımdır?

Müşfiq Rəhimovun qoyduğu qaydalara əsasən əllə yazılmalı olan bu ərizələr, kompyüterlə yığılmalıdır. Daha doğrusu, kompyüterdə hazır mətn var, sadəcə, orada ad və avtomobillə bağlı məlumat dəyişdirilir. Çap edilib, vətəndaşa təqdim olunanda isə 10 manat alınır. Niyə? Hər halda bu suala cavab vermək elə də çətin deyil. Gün ərzində 100-ə yaxın belə adam olarasa, bu heç nədən günlük 1000 manat deməkdir.

İQİ-də qapıların çöldən dəstəyi niyə yoxdur?

Müşfiq Rəhimovun olduqca «əcaib», «qəraib», «möcüzəvi» qaydaları var. Məsələn, İmtahan Qeydiyyat Şöbəsində qəbul günləri olsa da, bunun üçün hər hansı bir məlumat kitbaçası, vərəqi, hətta tablosu yoxdur. Normada qəbul günlər və saatları ilə bağlı məlumatlar rəis, rəis müavininin qapısı üzərində lövhəyə qeyd olunmalıdır. Lakin Rəhimovun otağının üzərində nəinki lövhə, heç də qəbulla bağlı bircə hərf belə yoxdur. Yalnız qapı üzərində quraşdırılmış kamera var ki, o da şöbə rəisinin müavininin kimin gəldiyi və getdiyi barədə məlumatlı olması üçün nəzərdə tutulub.

Amma bu «möcüzəvi» hallardan biri tamam başqadır. Və bu şöbəyə yolu düşən istənilən şəxs həmin halla rastlaşıb. LİDERİNFO.AZ xəbər verir ki, İQŞ-də Bakı rayonları üzrə otaqlara girmək mümkün deyil. Belə ki, buna səbəb qapıların çöldən dəstəyin olmamasıdır. Yəni, vətəndaş qapının ağzında dayanıb, içəridən kiminsə çıxacağını gözləməlidir ki, dərdini kiməsə deyə bilsin. Həmin qapılar yalnız arxadan bağlanır və içəridə də alverlə yanaşı, soyub-talama da baş verir.

3 günə araşdırılmalı olan iş bir saata necə reallaşır?

LİDERİNFO.AZ araşdırıb ki, bu şöbədə başqa bir maraqlı qazanc yeri var. Belə ki, İmtahan Qeydiyyat Şöbəsindən nömrə almaq üçün onun bankda girovda olub, olmadığı, məhkəmə qərarı ilə üzərinə həbs qoyulub, qoyulmadığı haqqında sənəd də olmalıdır. Bu sənədi əldə etmək üçün İQŞ 3 gün vaxt istəyir və araşdırdıqdan sonra cavab verir. İşin bu hissəsi əslində, reallıqla tərs mütənasibdir.

Qeyd edək ki, bu məsələni qısa müddətdə həll etmək elə də çətin deyil. LİDERİNFO.AZ xəbər verir ki, 3 günə araşdırılmalı olan sənədin verilməsinə şöbədə cəmi 1 dəqiqə vaxt lazımdır. Bunun üçün 50 manat vermək kifayətdir ki, sənədlər tam qaydaya salınsın.

Şöbə rəisi, yoxsa inkassator?

BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Hacı Murad Allahverdiyev olsa da, bütün işlər müavini Müşfiq Rəhimovun ixtiyarına verilib. Rəhimovun da hansı oyunlardan çıxdığı hər kəsə məlum olan məsələdir. Amma Hacı Murad baş verənlərdən qəti narahat deyil. Çünki o, rəis olsa belə proseslərdən çox uzaqdır.

LİDERİNFO.AZ-ın əldə etdiyi məlumata görə, Hacı Murad Allahverdiyevi DYP işçiləri öz aralarında «inkassator» adlandırırlar. Bu ayamanın ona niyə verildiyinin tarixçəsi isə çox maraqlıdır. Çünki şöbənin rəisinin əsas funksiyası gün ərzində şöbədə toplanan pulları avtomobilinin bağajına qoyub, aparmaqdan ibarətdir.

Bu şöbədə pulsuz olan tək yer

Bayaq qeyd etdik ki, BDYPİ-nin İmtahan Qeydiyyat Şöbəsində hər şey pulladır. Hətta salam versən belə onu manat və ya dollar zənn edib əvvəlcə baxacaqlar, daha sonra isə alıb, almayacaqlarını düşünəcəklər.

Amma insafla qeyd etməliyik ki, İQŞ-də hər şey pula olsa da, yalnız ayaqyolu pulsuzdur. Böyük ehtimalla Rəhimov bu yaxınlarda məsələni başlayıb, ayaqyollarına girişib pul qazana bilər.

ANONS!!!

- Müşfiq Rəhimovun nömrə biznesindəki şəriki MTN-in hazırda həbsdə olan hansı zabitidir?

- 90 OO ilə başlayan avtomobil nömrələri nə zaman satışa çıxarılacaq?