Ana səhifə

Nuşirəvan Səfərovun 7-ci otaqdakı pul yığanı Zeynal Seyidov...

3740
Nuşirəvan Səfərovun 7-ci otaqdakı pul yığanı Zeynal Seyidov...
O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşın hüquqlarını pozub
BDYPİ-də 7-ci otaqda oturan polis mayoru Zeynal Seyidov qanunlara niyə əməl etmir?


Son vaxtlar redaksiyamıza yol polisi əməkdaşları tərəfindən incidilən vətəndaşların çoxsaylı şikayətləri daxil olmaqdadır. Şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Şirvan şəhəri, Ş.Şükürov küçəsi, ev 12-də yaşayan Məlikov Mösüm Barat oğlu keçmiş yol polis müfəttişi olduğu halda, sabiq həmkarları tərəfindən ədalətsizliyə məruz qaldığını bildirib: "Mən keçmiş yol polisi işçisiyəm.

Daxili işlər naziri cənab Ramil Usubov özü şəxsən məni 1984-cü ildə yol polisi sıralarına işə götürüb. Xidmət göstərdiyim ərəfədə üzərimə düşən xidməti borcumu layiqincə, canla-başla yerinə yetirmişəm. Heç bir sürücünün hüquqlarına xələl gətirəcək əmələ yol verməmişəm. Heç bir vaxt dövlətimin, qanunlarımızın mənə bəslədiyi etimaddan sui-istifadə etməmişəm. 2012-ci ildə yaş həddi ilə bağlı işdən çıxmışam. Hazırda rəsmi şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq üzərimə düşən sahibkarlıq borcumu lazım olduğu kimi yerinə yetirirəm, hər ay dövlət büdcəsinə vergi ödəyirəm. Bu yaxınlarda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yüksək rütbəli əməkdaşları tərəfindən düşünülmüş şəkildə təzyiqə məruz qalmışam. Belə ki, 19 avqust 2015-ci il tarixdə, 02:30 radələrində mənə məxsus olan iki "ŞAQMAN" markalı yük maşını, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 401-ci alayın iki əməkdaşı tərəfindən saxlanıldı. Onu da nəzərinizə çatdırım ki, sözügedən əməkdaşlar hadisə baş verən gecəsi 99 YP 447 nömrəli avtomaşınla xidmət edirdilər. Biri serjant, digəri isə leytenant olan yol polisləri maşınımın müvafiq sənədlərini tələb etdilər. Maşınların bütün sənədlərinin qaydasında olmasına qəti məhəl qoymayan keçmiş "həmkarlar", mənim sürücülərimə qarşı zor tətbiq edərək maşınları Nizami rayonundakı cərimə duracağına apardılar.

Səbəb olaraq iritonnajlı maşınların mövcud saatda şəhərə girişinin qadağan olması faktını söylədilər. Baxmayaraq ki, həmin vaxt şəhərə iritonnajlı maşınların girişinə qoyulmuş məhdudiyyət saatı götürülmüşdü". Vətəndaş deyir ki, baş verənlərlə əlaqədar BDYPİ-yə gedib: "Burada (1mərtəbə, otaq 7-də) polis mayoru Zeynal Seyidov qorxub-çəkinmədən məndən 350 manat rüşvət istədi. Əks halda, mənim iki maşınımın qəti olaraq buraxılmayacağını bəyan etdi. Zeynal Seyidovun təkidinin ciddiliyini anlayaraq məcburiyyət qarşısında rüşvət verməyə məcbur oldum. Məndə polis mayorunun pul alma faktını sübut edən tutarlı dəlillər var. Konkret olaraq polis özbaşınalığının qurbanına çevrildim. Baş verən bu hal ölkədə sahibkarlığın inkişafına doğru yönəlmiş bir addım olmaqla yanaşı, həm də polis adına artıq söz gətirir. Yol polislərinin özbaşına əməlləri ümumilikdə bütün sürücülərin yaralı mövzusudur. Dəfələrlə belə şəxslər yol polisi sıralarından qovulublar. Amma yenə də qanunsuz əməllərindən əl çəkmirlər. Sizdən xahiş edirəm ki, şikayətimi geniş oxucu kütləsinə və aidiyyəti qurumlara çatdırasınız. Fürsətdən istifadə edib hörmətli nazirimiz Ramil Usubov cənablarından xahiş edirəm ki, hüquqlarımı pozan polis mayoru Zeynal Seyidovu ən ağır cəzaya məruz qoysun".

Ümid edirik ki, BDYPİ-nin rəisi Nuşirəvan Səfərov bu məsələ ilə bağlı ciddi ölçü götürəcək və vətəndaşın hüququnu pozan polis mayorurun polis sıralarından azad edilməsi barədə Daxili İşlər Nazirliyinə təqdimat göndərəcək.


Qarşı tərəfi də dinləməyə hazırıq.

/// Gündəlik Bakı qəzeti