Ana səhifə

"Bu adam deputat olduğu dövrdə bircə dəfə olsun bizim problemimizlə maraqlanmayıb" - İndi isə...

1024
"Bu adam deputat olduğu dövrdə bircə dəfə olsun bizim problemimizlə maraqlanmayıb" - İndi isə...
"Bu adam deputat olduğu dövrdə bircə dəfə olsun bizim problemimizlə maraqlanmayıb"

IV çağırış Azərbaycan Parlamentində 10-dan artıq biznesmen-deputat təmsil olunsa da, onların əksəriyyəti mandat daşıdığı beş il ərzində heç bir aktivlik nümayiş etdirmədilər.

Milli Məclisin plenar və komitə iclaslarında çıxış etməyən, ictimaiyyətə qapalı fəaliyyət göstərən biznesmen-deputatlar həm də seçiciləri ilə təmasdan yayınmaqda ad çıxardılar.

Dəfələrlə mətbuatda onların seçicilərin müraciətlərinə cavab vermədiyi, seçicilərlə görüşlər keçirmədiyi ilə bağlı informasiyalar yayılsa da, onlar nəinki buna məhəl qoymadılar, hətta bu informasiyaları mətbuata ötürən seçiciləri təhdid etməkdən belə çəkinmədilər.

Səlahiyyət müddəti başa çatan biznesmen-deputatların yenidən deputat seçilmək arzusunda olduğu, seçkilər yaxınlaşdıqca yenidən “səxavət kisəsi”nin ağzını açdığı artıq kiməsəyə sirr deyil.

Editor.az-a daxil olan məlumat da bu xüsusda diqqət çəkir.

57 saylı Kürdəmir Seçki Dairəsinin seçicilərinin Editor.az-a verdiyi məlumata görə, seçkiöncəsi deputat Fərhad Qəribov seçicilərlə aktiv təmasa keçib:

“Bu adam deputat olduğu dövrdə bircə dəfə olsun bizim problemimizlə maraqlanmayıb. Bizimlə bir dəfə görüş keçirməyib. Ona və köməkçisinə etdiyimiz heç bir müraciətə cavab verilməyib. Ümid edirdik ki, o, özü başa düşəcək ki, deputat kimi uğurlu fəaliyyət göstərmir və bundan sonra namizəd olmayacaq. Amma gözləntilərimiz özünü doğrultmadı. Seçkilər yaxınlaşdıqca Fərhad Qəribovun ciddi şəkildə təbliğatına start verilib. Hər yerdə onun yenidən deputat seçiləcəyinə dair rəy yaradırlar. Biz isə seçicilər olaraq bildiririk ki, onun yeindən deputat seçilməsini istəmirik”.

Xatırladaq ki, deputat Fərhad Qəribov uzun müddətdir biznes fəaliyyəti ilə məşğul olur. “Debütbank”ın sahibi olan deputat paytaxtdakı “Çıraq Plaza”, “Şəki” restoranlar şəbəkəsinə də sahibdir. Eyni zamanda Kürdəmir rayonunda yerləşən gəlirli biznes müəssisələri, o cümlədən mərkəzi bazar da ona məxsusdur.