Ana səhifə

Gözdən əlil Şəki sakini ünvanlı sosial yardım ala bilmir

1053
Gözdən əlil Şəki sakini ünvanlı sosial yardım ala bilmir
Rafiq Vəliyev: «Yerli SMM-in direktoru Elçin müəllim deyir ki, gedib işləyib, ailəmi saxlamalıyam»

Şəki sakini Rafiq Vəliyev birinci qrup əlil olmasına baxmayaraq, ünvanlı sosial yardım ala bilmir. Bu barədə JAM.AZ-a müraciət edən Baş Göynük kəndinin sakini qeyd edir ki, 49 yaşı var və 2009-cu ildə Şəki 19 saylı TSEK tərəfindən ona verilmiş 8/94 saylı müayinə aktıyla ona gözünün torlu qişasının qopması diaqnozu qoyulub.

Rafiq Vəliyev bildirir ki, qulluğa ehtiyacı olduğu üçün həyat yoldaşı daim onunla məşğul olmaq məcburiyyətindədir. «Öhdəmdə iki azyaşlı uşaq var. Onlardan biri 2003-cü ildə anadan olmuş oğlum Əmrahdır ki, 2-ci qrup əlildir. Şəxsi avtomobilim, mobil telefonum, mal-qaram yoxdur. Evimdən 14 km uzaqda yerləşən 0,98 ha torpaq sahəsində isə faktiki olaraq işləyə bilmirəm».

Ailəsinin dolanışıq səviyyəsinin dəhşətli həddə olduğunu qey delən Şəki sakini vurğulayır ki, 2013-cü ildə ona 1 il müddətinə ünvanlı sosial yardım verilib. «Lakin Şəki Sosial Müdafiə Mərkəzinin rəhbəri Elçin müəllim məni xeyli süründürdükdən sonra dedi ki, torpaq sahəm olduğu üçün ünvanlı sosial yardım verə bilməz. Sonra da «Get işlə, qazan, ailəni saxla» deyib yola saldı. Mən gözdən əliləm, necə işləyə bilərəm axı? Həyat yoldaşım həm mənim, həm də əlil oğlumun qulluğunda durur. Ailəmin yaşaması üçün yavan çörəyə möhtac vəziyyətdəyik. Ona görə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirəm ki, vəziyyətimlə maraqlanıb, ünvanlı sosial yardım almağıma yardımçı olsun».