İqtisadiyyat / Sosial

Problemli kreditlərin gözlənilən aqibəti necə olacaq?

1921
Problemli kreditlərin gözlənilən aqibəti necə olacaq?
Mərkəzi Bank kredit borclarının statistikasını açıqlayıb.

2015-ci ilin mayın 1-nə olan məlumata görə, Azərbaycanda 2 milyon 414 min 122 nəfər kredit götürən şəxs, yəni borc alan var. Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin məlumatına görə, bu isə ümumi əhalinin 26 faizini təşkil edir. Onların böyük bir hissəsi - 2 milyon 381 min 592 nəfəri fiziki şəxslər, yəni istehlakçılardır. Digər kredit götürənlər isə hüquqi şəxslər (10.957 nəfər) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlardır. Bunların sayı isə 21.573 nəfər təşkil edir.

Zamin şəxslərin sayında da artım müşahidə olunub - may ayında onların sayı 1 milyon 115 min 820 nəfərə çatıb ki, bu da mart və aprel ayları ilə müqayisədə 6.344 nəfər artım deməkdir.

Məlumatda qeyd edilir ki, bu ilin fevralın 1-nə borcalanların sayı 2.342.233 nəfər olub. Növbəti aylarda isə onların sayında nəzərə çarpacaq dərəcədə artım müşahidə olunub. Belə ki, martın 1-də 2.366.967 nəfər, aprelin 1-də 2.389.292 nəfər, mayın 1-də isə 2.414.122 nəfər olub.

May ayının 1-nə əhali tərəfindən banklara ödənilməyən vaxtı keçmiş kreditlərin həcmi isə 1 milyard 256,6 milyon manat (6,1 faiz) təşkil edib. Ekspertlər bildirirlər ki, problemli kreditlərin artması narahatedici həddədir. Belə ki, devalvasiyadan əvvəl də bankların problemli kredit portfeli kritik həddə idi. Bildirilir ki, əslində geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur. Problemli kreditlərin payı təhlükəli həddi keçib.

Ekspert Samir Əliyevin sözlərinə görə, ölkə üzrə problemli kreditlərin payı 20 faizdən çoxdur və bu, artıq kritik həddir. Problemli kreditlər istehlak yox, məhz biznes kreditlərinin hesabına artıb.

Qeyd edək ki, son günlər borcların silinməsi məsələsi aktualdır. Rəsmi olmayan xəbərlərə görə, 2-5 min civarında olan kredit borcları silinəcək. Əksər ekspertlər bunu real hesab etmir, həmçinin bunun doğru addım olmadığı da bildirilir. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, borcların silinməsi ümumən yaxşı olardı, amma real görünmür: "Əvvəla, bunun üçün dövlətə xeyli vəsait tələb olunur. Həmin vəsait büdcədə yoxdur. Əksinə, büdcə kəsirimiz var. Digər tərəfdən isə belə silinmənin meyarlarını müəyyən etmək çətin işdir. Bu güzəşt kimə tətbiq olunacaq? Hansı məbləğ həddində? Hər hansı yarımçıq qərar, qismən güzəşt əlavə suallar və iddialar yarada bilər. Narazı qalanlar yenə olacaq. Həm də ki, niyə dövlət bir qisim vətəndaşların hesabına digərlərinin borcunu bağlamalıdır? Əslində dövlət başqa şey etməlidir: məhkəmələr borcluların banklara qarşı haqlı tələblərini təmin etməlidir. Yəni güzəşti banklar öz hesablarına etməlidir. Çünki kredit verərkən kütləvi şəkildə qanunları pozublar. Bu yanaşmanın üstünlüyü həm də odur ki, hamı biləcək: borclar bağışlanmadı, ədalət bərpa olundu. Bağışlanma əhalidə arxayınlıq və intizamsızlıq hissi yarada bilər. Ədalətin bərpası isə qanunçuluğa inamı artırar”.

Ekspert Pərviz Heydərov isə qeyd edib ki, ölkədə problemli kreditlərin həcmi bu ilin yanvar ayının sonundan etibarən artıq 1 milyardı keçib: "2015-ci ilin yanvarın 1-nə problemli kreditlərin həcmi 976.3 milyon manat idisə, fevralın 1-nə 1 milyard 030,9 milyon manat təşkil edirdi. Bu rəqəm martın 1-nə 1 milyard 138,2 milyon manat, aprelin 1-nə isə 1 milyard 213,3 milyon manata qədər yüksəlib.

2015-ci ilin mayın 1-nə olan məlumata görə isə, Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi 1 milyard 256,6 milyon manat təşkil edib. Məbləğ hər ay azalmaq əvəzinə artıb. Manatın dəyərinin bu il fevralın 21-də ucuzlaşdırılmasından sonra bu tendensiya sanki yeni sürət alıb. Xarici valyutanın bahalaşması problemli kreditlərin həcminin azalmasına yardım göstərə bilməzdi. Əksinə, bu sahədə vəziyyəti daha da dərinləşdirməli idi. Mart ayından bəri Mərkəzi Bank bankları qorumaq üçün "əlindən gələni” edir və müxtəlif addımlar atır. Çünki hər hansı bankın çökməsi zəncirvari xarakter ala bilər.

Ekspertin sözlərinə görə, kredit borclarının bağışlanması məntiqsiz addım ola bilər: "Bu, bankların mövcud kredit siyasətinə haqq qazandırmaq olardı. Belə ki, əgər hər hansı bir bank kredit portfelinin yarıdan çox hissəsi geri ödənilməyən vəsait təşkil edirsə və bunun müqabilində yenə əvvəlki şərtlərlə borc verirsə, deməli, vəsaitlə idarəçilikdə normal fəaliyyət yoxdur.

Həmçinin, hər hansı bağışlanmadan söhbət gedərdisə, bu, bayaq qeyd etdiyimiz kimi bir az əvvəl kreditlərin devalvasiyadan sonra əslində hansı valyuta ilə qaytarılmalı olduğu barədə yaranan mübahisə zamanı edilərdi. Ancaq məlum olduğu kimi Konstitusiya Məhkəməsi sözügedən məsələdə adi kurs baxımından belə güzəştə getmədi. Bankların vəziyyəti yaxşı deyil. Üstəlik, problemli kreditlərin ümumi kredit qoyuluşunda xüsusi çəkisi 7 faizə yaxın təşkil edir. Banklara borcların bağışlanması hədsiz populist addım olardı. Fikrimcə, ən optimal variant kimi kreditlərin geri ödənişində güzəşt kimi söhbət yalnız əlavə müddətin verilməsindən gedə bilər”