İqtisadiyyat / Dünya

Azərbaycanda kənd təsərrüfatı siyahıya alınacaq

913
Bu il 1-30 iyun tarixlərində 1,3 milyondan çox müxtəlif təşkilati-hüquqi formalı təsərrüfatı əhatə edəcək kənd təsərrüfatının siyahıya alınması nəzərdə tutulub.

 
Liderinfo.az  Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub.

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə 2015-ci il ölkəmizdə Kənd təsərrüfatı ili elan edilib. Məhz bu səbəbdən aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün ölkəmizdə kənd təsərrüfatının siyahıya alınmasının əhəmiyyəti olduqca böyükdür.

Kənd təsərrüfatı siyahıya alınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşri bu sahədə zəngin təcrübəsi olan Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilib.

Siyahıyaalmanın həm müəssisə, həm də əhali kateqoriyası üçün nəzərdə tutulmuş 1 və 2 nömrəli sorğu vərəqələri əsasında aparılması nəzərdə tutulur. Sorğu vərəqələri hazırlanarkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və MDB Statistika Komitəsinin tövsiyələri, bir sıra dünya ölkələrinin bu sahədəki əməli təcrübələri və yerli xüsusiyyətlər nəzərə alınıb.

Bu zaman təsərrüfatların mənsubiyyəti, torpaq mülkiyyəti, icarə münasibətləri, torpaqdan və gübrələrdən istifadə, gəlir mənbəyi, kənd təsərrüfatı bitkilərinin əkin sahələri, çoxillik əkmələrin növləri üzrə ağac və kolların sayı, tətbiq edilən suvarma üsulları, mal-qara və quşların cins və yaş tərkibinə görə mövcudluğu, göl və nohur balıqçılığı, bina və tikililərin, kənd təsərrüfatı texnikası və avadanlıqların mövcudluğu, kənd təsərrüfatında işçi qüvvəsi və s. barədə geniş məlumatlar toplanılacaq. Hər bir təsərrüfat üzrə fərdi məlumatlar məxfi saxlanmaqla yalnız toplu, ümumiləşdirilmiş statistik məqsədlər üçün istifadə olunacaq.

Ölkə üzrə kənd təsərrüfatının siyahıya alınmasına 1209 nəfər təlimatçı-nəzarətçi, 11 751 nəfər sayıcı olmaqla cəmi 12 960 nəfər müvəqqəti işçi cəlb edilib. Yerli statistika orqanlarında siyahıyaalma materiallarının işlənməsinə 389 nəfər operatorun cəlb edilməsi nəzərdə tutulub.

Siyahıyaalmada əldə olunacaq nəticələrin aqrar sahədəki proseslərə uyğunluğunun təmin edilməsində istər müəssisə, istərsə də təsərrüfat rəhbərləri (və ya nümayəndələri) də məsuliyyət daşıyır. Belə ki, alınacaq nəticələr birbaşa onların cavabları ilə əlaqədar olduğundan onlar cavablarında səmimi olmalı, hər hansı faktı gizlətməkdən və ya şişirtməkdən çəkinməlidirlər. Reallığı əks etdirən nəticələr eyni zamanda aqrar sahənin inkişafı üzrə dövlət proqramlarının və digər müvafiq tədbirlərin keyfiyyətlə işlənib hazırlanmasına zəmin yaradacaq ki, bu da nəticə etibarı ilə həm onların mənafeyinə xidmət edəcək, həm də iqtisadiyyatın inkişafına təkan verəcək.