İqtisadiyyat

“Oyunlar zolağı”nda çıxarılan oyun…

1214
“Oyunlar zolağı”nda çıxarılan oyun…
Yolların sarı xətlə işarələnməsi cərimələrin sayını artırıb; sürücülər barəsində tətbiq olunan protokollar narazılıq doğurub

Xəbər verildiyi kimi, mayın 29-dan etibarən Bakıda Avropa Oyunları ilə əlaqədar sarı xətlə işarələnmiş “Oyunlar zolağı”na nəqliyyat vasitələrinin girişinə rəsmən qadağa qoyulub.

Sarı xəttin üzərinə çıxan sürücülər barəsində dərhal protokol tətbiq olunur. Zolaqlar “Bakı-2015" loqosu ilə işarələnib.

Bir ay öncədən KİV-lər vasitəsilə xəbərdarlıq olunmasına baxmayaraq, hər keçən gün cərimələnən sürücülərin sayı artmaqdadır. Müvafiq olaraq, 40 manat məbləğində cərimə tətbiq olunur.

Qeyd edək ki, sarı xətlər çəkiləndən sonra tıxacların sayı kəskin şəkildə artmağa başlayıb. Yaranan tıxac və sıxlıq gecə saatlarına qədər davam edir. “Oyunlar zolağı”na daxil olmayan sürücü saatlarla tıxacda qalmalı olur. Bu problemlərin qarşıdakı günlərdə sürücülərə daha çox problem yaradacağı proqnozlaşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Oyunlar zolağı”nın yaradılmasının səbəblərindən danışdı: “Ayın 1-dən etibarən rəsmi şəkildə qadağa qoyuldu. İşə cəlb olunmuş və yarışdan öncə xidməti həyata keçirən şəxslərin orada olmaları nəzərə alınaraq, belə bir qərar verildi. Bu müddət elə də çox deyil. Oyunların başlamasına 10 gün qalır. Bu günlər ərzində o komplekslərə gedəcək avtomobillərin sayı çoxdur. Söhbət buraxılışı olan nəqliyyat vasitələrindən gedir. Biz martın 1-dən əhaliyə müraciət etmişik, konkret zamanı da göstərmişik.

Çalışırıq ki, şəhər daxilində nəqliyyat sıxlığı yaranmasın. Rayonlarda və Bakının qəsəbələrində yaşayanlar nəqliyyatdan az istifadə ediblər. Nəticədə sıxlıq olmayıb. İnanıram ki, bundan sonrakı günlərdə də şəhər sakinlərimiz nəqliyyatdan az istifadə edəcəklər. Nəticədə sıxlıq halları olmayacaq”.

Kamran Əliyev şəhərdə sıxlıq hallarının ola biləcəyini də vurğuladı: “Tıxac Ziya Bünyadov prospektində olub. Orada bir zolaq işarələnib, Avropa Oyunlarının avtomobilləri üçün nəzərdə tutulub. Bir balaca sıxlıqlar olur və olacaq. Qeyd edim ki, sıxlıq olan yollarla alternativ yollar da var. Sürücülər digər yollardan da istifadə edə bilərlər. Kifayət qədər alternativ yollarımız var”.
“Oyunlar zolağı”nda çıxarılan oyun…
Kamran Əliyev cərimələrin yaratdığı narazılıqlara da toxundu: “KİV-lərdə bu məlumat çoxdan gedir. Ən azı mart ayında təkcə Bakı yox, respublika sakinlərinə dəfələrlə məlumat vermişik. Rəsmi müraciətlərimiz olub. Hər sakinə bir-bir məlumat verə bilmərik.

Qanunvericilikdə sürücünün hansı hallarda cərimələnməsi üçün maddələr var. Əgər sürücü nişanı görürsə, bilərəkdən qaydanı pozursa, ya həmin ərazidəki əməkdaşlarımız tərəfindən cəzalandırılacaq, ya da kamera vasitəsilə haqqında protokol tətbiq edilərək, ünvanına göndəriləcək. Ona görə də sürücülərimiz çalışsınlar ki, qayda pozuntusuna yol verməsinlər”.