İqtisadiyyat

Azərbaycanda benzin ən azı, 30% ucuzlaşa bilər

630
Azərbaycanda benzin ən azı, 30% ucuzlaşa bilər
Ekspertlər buna gedilməməsinin səbəblərini göstərir, rəsmi qurumlar isə vəziyyəti əsaslandırmağa çalışır...

Neftin qiymətinin dünya bazarında aşağı düşməsi digər ölkələrdən fərqli olaraq, Azərbaycanda benzinin ucuzlaşmasına səbəb olmur. Hətta SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşdə bildirib ki, “Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur”.

Onun sözlərinə görə, bizdə neftin qiymətini Tarif Şurası Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir: “Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda neftin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur”,- deyə SOCAR prezidenti bildirib.

Ekspertlər isə benzinin ucuzlaşmaması üçün əsas olmadığını vurğulayırlar. Ekspert Samir Əliyevin sözlərinə görə, yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcə aşağı sala bilər. Bu da malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azalda bilər. Xüsusilə də idxalı əvəzləşdirmək baxımından bu, aqrar sektoru inkişaf etdirmək üçün dövlət tərəfindən fermer təsərrüfatına verilən dəstək ola bilər".

Onun sözlərinə görə, yanacağın qiyməti sonuncu dəfə 2013-cü ildə artırılanda dünya bazarında neftin bir bareli 110 dollara satılırdı: “Yəni neftin bahalaşmasını əsas gətirərək yanacaq bahalaşdırılmışdı. Ondan öncə artım isə 6 yanvar 2007-ci il tarixində olmuşdu. Həmin vaxt ”qara qızıl"ın qiyməti 60 dollardan da aşağı olub. Nəticədə Aİ-92 və Aİ-80 markalı benzinlər 70 qəpik, dizel yanacağı isə 60 qəpik olub. İndi isə dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Ancaq qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir. Şəkəri bahalaşdırırıq ki, xammal özümüzün deyil. Geyimləri bahalaşdırırıq ki, özümüzdə istehsal olunmur. Benzin və dizel 100 faiz Azərbaycan istehsalıdır. Xammalı da, istehsalı da. Bəs, onda niyə yanacaq baha saxlanılır? 95 markalı benzin idxal olunduğu üçün devalvasiya səbəbindən onun qiymətini ucuzlaşdırmaq mümkün olmayacaq. Ancaq Aİ 92 və 80, dizel yanacaqlarında ucuzlaşdırmanı problemsiz etmək olar".

Ekspert Vüqar Bayramov qeyd edib ki, indiki halda yerli istehsal olan benzinin qiymətinin 30 faiz ucuzlaşması mümkündür. Onun sözlərinə görə, benzinin ucuzlaşması bir çox sahələrdə xərclərin azalmasına, gəlirlərin artmasına səbəb olacaq: “Azərbaycanda benzinin qiymətinin ucuzlaşması ilə bağlı ümumi tarazlıq modelindən istifadə edilir. Biz ümumi tarazlıq modelinə əsasən benzinin qiymətinin neçə faiz ucuzlaşmasının iqtisadiyyata nə qədər müsbət təsirlərinin olmasını müəyyənləşdirməyə çalışırıq. Bizim modelimiz göstərir ki, indiki halda yerli istehsal olan benzinin qiymətinin 30 faiz ucuzlaşması mümkündür. Benzinin qiymətinin 70 qəpikdən 50 qəpiyə endirilməsi büdcə gəlirlərinə ciddi mənfi təsir göstərməyəcək. Çünki benzinin ucuzlaşması imkan verəcək ki, digər sahələrdən qazanılan dəyər vergisi çox olsun”. O, qeyd edib ki, benzinin ucuzlaşması beynəlxalq yükdaşımaların xərcinin də azalmasına imkan verəcək.

Ekspert Natiq Cəfərli də benzinin qiymətinin əvvəlki həddə qalmasının normal olmadığını vurğulayıb: “Bunun yeganə səbəbi bazarda inhisarçı şirkətin olmasıdır. ”SOCAR Trade" şirkəti bu işdə digər treyderlərin iştirakına imkan vermir və mövqeyindən istifadə edərək benzinin qiymətini yenə də həmin həddə saxlayır".
(musavat.com)