İqtisadiyyat

Mənzil bazarında qiymətlər qismən artıb

669
Mənzil bazarında qiymətlər qismən artıb
Ekspertlər əksər alıcıların gözləmə mövqeyində olduğunu bildirirlər, çünki...

Ölkənin mənzil bazarında durğunluqdur. Ekspert Rəşad Əliyevin sözlərinə görə, əgər daşınmaz əmlak bazarında mövcud olan qiymətləri nəzərdən keçirsək, son il yarımda dollarla olan qiymətlərin ancaq birtərəfli qaydada enişini müşahidə edirik: “Dekabr devalvasiyasından öncə fevral devalvasiyasından bir qədər fərqli vəziyyət yaranmışdı. Bazarda satılan əmlakların əksər hissəsinin qiyməti manatla, az hissəsininki isə dollarla göstərilirdi. Bundan əlavə, dekabr devalvasiyasından sonra əlavə olaraq manat cüzi dəyərsizləşməyə məruz qalmışdı”.

Ekspertin sözlərinə görə, bazarda dekabr devalvasiyasının nəticəsi olaraq seqmentlər üzrə təklif qiymətlərinin valyutasından asılı olaraq fərqli proseslər baş verdi: “Qiymətləri dollarla müəyyən edilən manat ifadəsində göstərilən əmlakların qiymətlərinin bir hissəsi dollarla aşağı salındı, bir hissəsi isə eyni qaldı. Məsələn, araşdırma zamanı elə elanlara rast gəlmişik ki, dekabr devalvasiyasından əvvəl yerləşdirilib. Satıcı ilə əlaqə yaradanda məlum olur ki, qiymət tam fərqlidir. Çünki həmin elanda qiymət manatla göstərilsə də, müştəri onu müəyyənləşdirəndə dolların məzənnəsinə istinad edib. İndi əlaqə yaradanda isə qiyməti ya yeni məzənnə, yaxud da elə dollarla deyir. Buna görə də ümumilikdə bazarı nəzərdən keçirdikdə, sözsüz ki, dekabr devalvasiyasının təsiri altında qiymətlər qismən artıb. Ancaq ən çox maraqlandıran cari vəziyyət yox, gələcəkdə hadisələrin necə cərəyan edəcəyidir.

Bazarda dollarla olan qiymətlərlə bağlı biz əvvəldə demişdik ki, hər şey makroiqtisadi şəraitdən asılı olacaq. Bu şərait isə neftin uzunmüddətli qiymətlərindən asılı olacaq. Daşınmaz əmlak bazarına təsir bizdə bir qədər gec çatır. Yenə də hesab edirik ki, bazarda mövcud olan qiymətlər hələ də makroiqtisadi şəraitə adekvat deyil. Bu isə deməkdir ki, mövcud şəraitin reallıqları qiymətlərdə hələ də tam olaraq əks olunmayıb. Makroiqtisadi şərait dedikdə, bir çoxları bunu ancaq əhalinin alıcılıq qabiliyyəti ilə bağlayır. Bu doğrudur, ancaq tam olaraq bununla əlaqələndirmək yanlışlıqdır. Alıcıların gözləmə mövqeyində olması da faktdır, ancaq baxır söhbət hansı alıcılardan gedir. İnvestor alıcılar daşınmaz əmlaka kapital yerləşdirilməsi nöqteyi-nəzərindən baxırlar. Onların bir hissəsi alış üçün qiymətlərin daha da enməsini, digər bir hissəsi isə iqtisadi şəraitin yaxşılaşması siqnallarını gözləyirlər. İkincilər daha doğru strategiya seçiblər".

Ekspertlər bildirirlər ki, tezliklə ev bazarındakı təsir özünü daha qabarıq şəkildə büruzə verəcək. Mənzil bazarında ucuzlaşma daha aktualdır. “MBA Group” Konsaltinq Şirkətinin hesablamasına görə, 2015-ci ilin dekabrında Bakıda ilkin yaşayış mənzillərinin bir kvadratmetrinin orta təklif qiyməti 1,03 faiz azalaraq 958 dollara qədər ucuzlaşıb. Ekspertlər bildirirlər ki, fevralda mənzil bazarında ciddi dəyişikliklər baş verəcək. Belə ki, mənzil və ya obyektlərin dollarla satışa çıxarılacağı gözlənilir.

Ekspert Ramil Osmanlının sözlərinə görə, manatın ikinci devalvasiyasından dərhal sonra qiymətlər artırılıb. Lakin bahalaşma cəmi bir neçə gün davam edib: “Hazırda mənzil bazarında durğunluq yaranıb. Hətta dəyərindən aşağı qiymətlə təklif edilən mənzillər də satılmır. Aparılan müşahidələrə görə, gələn aydan mənzil bazarında ciddi dəyişikliklər olacaq. Əhalinin manata etibarı azaldığı üçün 2007-2008-ci ildə olduğu kimi mənzillər dollarla təklif olunacaq. Hazırda yalnız yeni tikililərdə cüzi qiymət artımı müşahidə edilir. Köhnə tikililərdə isə mənzillər bahalaşmayıb. Ötən ilin əvvəlinə nisbətən qiymətlər ucuz olsa da, alqı-satqı yoxdur. Son bir neçə ildə mənzil bazarında indiki kimi durğunluq müşahidə edilməyib”.

Qeyd edək ki, ekspertlər də ev bazarındakı qiymətlərlə bağlı vahid fikrə gələ bilmirlər: proqnozlar təzadlıdır. Bəzi ekspertlər mənzil bazarında canlanmanın olacağını və qiymətlərin bahalaşacağını ehtimal etsələr də, əksəriyyət yaxın aylarda qiymət enməsinin müşahidə ediləcəyini vurğulayıb.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, manatın dəyərdən düşməsi və dolların bahalaşması ilə əlaqədar evlərin də qiyməti artacaq: “Tikinti materiallarının qiymətləri də qalxır. Materiallar bahalaşdıqca da evlərin qiyməti qalxacaq”.

Bəzi ekspertlər qeyd edirlər ki, 2016-cı ildə daşınmaz əmlak bazarında qiymətlərə təsir edəcək amillərin sayı o qədər olacaq ki, konkret proqnozun verilməsi çətinlik yaradır. Bəzi ekspertlər qiymətlərin kəskin ucuzlaşacağını da proqnozlaşdırırlar. İlin sonunda daşınmaz əmlak bazarında qiymətlər indiki qiymətlərdən ən yaxşı halda 25-30 faiz, optimal halda isə iki dəfə aşağı olacaq. (musavat.com)