İqtisadiyyat

"Dekabank"ın da canı "maxinasiya şüşəsi"ndə - FAKTLAR

597
"Dekabank"ın da canı "maxinasiya şüşəsi"ndə - FAKTLAR
Prezident İlham Əliyevin bank sistemində sağlamlaşdırma tədbirlərinə dair tapşırığından sonra Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərən 6 bankın lisenziyasını geri çağırdı. Eyni zamanda bir sıra banklar birləşmək barədə razılığa gəldilər. Bank sistemində başladılan bu prosesin davam edəcəyi və yaxın zamanlarda daha bir neçə bankın bağlanacağı gözlənilir ki, bunlardan birinin də “DekaBank” ASC olacağı deyilir.

Məlumata görə, hazırda “DekaBank” ciddi problemlər yaşamaqdadır. Hələ 2014-cü ildə Mərkəzi Bankın kapitallaşma tələbinə əməl edə bilməyən bank bağlanmaya ən əsas namizədlərdən biri sayılırdı. Belə ki, həmin ilin yanvar-sentyabr aylarının yekunlarına görə “Dekabank”ın məcmu kapitalı 30,8 milyon manat təşkil edib. Bu da Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbindən (50 milyon manat) təxminən 19 milyon manat az idi.
Bankın Maliyyə və Əməliyyat Departamentinin direktoru Bəhram Hüseynov ilin sonuna qədər səhm emissiyası hesabına “Dekabank”ın məcmu kapitalının lazımi həddə çatdıra bilinəcəyini demişdi. Bank malik olduğu 48 min səhminin nominal dəyərini 500 manatdan 1100 manat qədər artırmağı planlaşdırırdı. Beləliklə, 1 yanvar 2015-ci il tarixinə bankın nizamnamə kapitalı 2,2 dəfə artımla 52,77 milyon manat, məcmu kapitalı isə 87,3% artımla 53,9 milyon manata çatdırılıb.
Lakin bu, bankı düşdüyü çətin durumdan xilas edə bilməyib. Belə ki, ötən ilin fevralında baş verən birinci devalvasiyadan sonra bank dollar kreditləşməsinin həcmini sürətlə artırıb – 2015-ci ilin 9 ayının yekunlarına görə, bankın kredit portfeli 171,64 milyon manat olub. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən 3,2 dəfə çoxdur. Bankın vaxtı keçmiş kreditləri isə 2,5 dəfə artaraq 13,48 milyon dollar təşkil edib. Problemli kreditlərin ümumi kredit portfelində payı 7,9 faiz olub.

Qeyd edək ki, 21 fevral devalvasiyası ərəfəsində bəzi bankların maxinasiyalara yol verərək, yüz milyonlarla dollar gəlir əldə etdiyi deyilirdi. Hətta prezident də bu barədə öz çıxışında qeyd etmişdi. Mərkəzi Bankın kapitallaşma tələbinə çox çətinliklə əməl edən “Dekabank”ın 21 fevraldan sonra kreditləşməni dəfələrlə artırması onun da prezidentin qeyd etdiyi maxinasiyalarda iştirak etdiyi şübhəsini artırır.
Dekabr ayında baş verən devalvasiyadan sonra bankın problemləri daha da artıb. Əsasən fiziki şəxslərə verilən dollar kreditlərinin qaytarılması sahəsində böyük çətinliklər yaranıb. 21 dekabrdan sonra dolların məzənnəsini süni surətdə artıran valyutadəyişmə məntəqələri arasında “DekaBank”ın məntəqələri də olub. Bu barədə müvafiq qurumlar tərəfindən hazırlanan məlumat birbaşa ölkə rəhbərliyinə çatdırılıb. Həmin məlumatda adı ilk yerdə çəkilən “Atrabank”ın lisenziyası artıq Mərkəzi Bank tərəfindən ləğv edilib. Tezliklə siyahıda adı keçən bir neçə bankın, o cümlədən “Dekabank”ın da eyni aqibəti yaşayacağı gözlənilir.

Bank rəhbərliyinin bu günlərdə verdiyi açıqlama da göstərir ki, “Dekabank”da bağlanma təhlükəsindən xəbərdardırlar. Həmin açıqlamada Bankın İdarə Heyətinin sədr müavini Adil Səfərov bildirib ki, “hazırda “Deka Bank”ın nizamnamə kapitalı 52 milyon manat, məcmu kapitalı isə 57 milyon manatdır. Bankımızın likvidlik problemi yoxdur, dövriyyəsi var, kreditlərinin həcmi böyükdür. Qısası, göstəricilərimiz normaldır.”
Bu açıqlama bank rəhbərliyinin bağlanma ehtimalından xəbərdar olduğunu və bir növ, qabaqlayıcı addımlar atmağa çalışdığını göstərir.