İqtisadiyyat

Un ucuzlaşdı, bəs un məmulatları?

1359
Un ucuzlaşdı, bəs un məmulatları?
Üzən məzənnə siyasətinə keçidlə əlaqədar manatın məzənnəsində dəyişiklik baş verdi. Bu isə satışda olan məhsulların qiymətinə də təsir göstərdi. Əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olundu.
Hazırda daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılır. İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilirdi ki, unu və çörəyi göstərilən qiymətlərdən artıq qiymətə təklif edən şəxslərə qarşı ən ciddi məsuliyyət tədbirləri görüləcək.

Unun qiymətinin azaldılmasında məqsəd isə təkcə çörəyin deyil, digər un məmulatlarının da qiymətinin düşməsinə şərait yaratmaq idi. Çünki bazarda kifayət qədər un məmulatı var ki, onların da qiymətində artım müşahidə olunurdu və qiymətin düşməsi ilə endirim də gözlənilən idi. Mövzu ilə bağlı un məmulatları istehsal edən bir neçə şirkətlə əlaqə saxlayıb qiymətlərdə dəyişiklik edib-etmədikləri ilə bağlı məlumat almağa çalışdıq. Lakin onlardan bir çoxu günün sonuna qədər bizimlə əlaqə saxlayacaqlarını desələr də, suallarımıza heç bir cavab verən olmadı.

“Karat Holding” MMC-nin dəyirman bölməsinin müdiri İqdam Umudov isə qəzetimizə açıqlamasında bildirdi ki, ƏDV-nin götürülməsinin bu sahəyə böyük təsiri olub: “Əvvəl qiymətlər 26-26,5 manat arasında dəyişirdi. Həmin qiymətlər isə un məmulatlarının satış qiymətlərinə təsir göstərirdi. Çünki məhsulun maya dəyərini hesabladıqda bu qiymət artımı qaçılmaz olurdu. Amma ƏDV götürüləndən sonra əla növ 50 kiloluq unun qiyməti 22 manat civarında oldu. Bu, 50 kiloluq bir ölçüdə az görünə bilər, amma ümumi hesabda böyük fərq edir. Məsələn, 1 ton unun qiymətində əvvəlki ilə müqayisədə 80 manat fərq edir. Burada isə təbii ki, qiymətlərdə fərq olmalıdır”.
İ.Umudov deyir ki, unun qiymətinin düşməsi təkcə çörəyin deyil, un məmulatlarının da qiymətinə təsir göstərməli idi və bu da baş verib: “18 faizlik verginin aradan qaldırılması ilə bizdə unla yanaşı, un məmulatlarının da qiymətində endirim oldu. Artıq satışda olan məhsullarımızın qiymətinə təsir göstərib. Təkcə göstəriş verilən zamandan sonra istehsal olunan deyil, elə qərar veriləndə satışdakı məhsullarımızın qiymətində də anında endirimlər edildi. Nə qədər ucuzlaşma olduğunu faiz nisbəti ilə ifadə edə bilməyəcəm. Çünki istehsal olunan məhsulun tərkibindəki unun miqdarı, məhsulun maya dəyəri nəzərə alınaraq endirimlər edilib. Bu, məhsula görə dəyişə bilir”.

İqtisadçı Pərviz Heydərov deyir ki, çörək və digər un məmulatlarının satış qiymətləri əhalinin sosial durumu üçün ən həssas və təsiredici əhəmiyyətə malik məsələdir. İstehlak qiymətlərinin bu və ya digər səbəblərdən yüksəlməsinə zəmin yaranarkən sözügedən məhsullar üzrə bahalaşma qeydə alınmırsa, deməli, vəziyyət o dərəcədə kritik deyil: “Əksinə baş verərsə, dərhal tədbir görülməlidir. Belə ki, ya bazara dövlət tərəfindən xammal məhsulu həcmiylə müdaxilə edilməli, ya istehsalçılara subsidiya həyata keçirilməli, ya da vergilər azaldılmalıdır”.

P.Heydərov deyir ki, ötən ilin fevral ayının 21-də manatın dəyəri birinci dəfə aşağı salınandan sonra Azərbaycanda un məhsulları və çörək bahalaşmadı. Lakin istehsal xərcləri kifayət qədər yüksək idi. Odur ki, dekabrda ikinci devalvasiya nəticəsində qiymətləri saxlamaq mümkün olmadı və ola da bilməzdi: “Hökumət vəziyyətə müdaxilə etməyə məcbur idi. Ona görə də buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixdən etibarən ƏDV-dən azad olundu. Nəticədə qiymətlər bir ara 30-35 manata qalxsa da, dərhal 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək endi. Bu isə çörəyin və un məhsullarının da bahalaşmasının qarşısını aldı”.

İqtiadçının sözlərinə görə, hazırda bizdə bu sahədəki qiymətlər qonşu ölkələrlə müqayisədə ən aşağıdır: “Bu, sözsüz ki, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyırdı. Hesab edirəm ki, ölkədə taxıl məhsulu sarıdan da kifayət qədər ehtiyatın olduğunu nəzərə alsaq, qiymətlərin sabit qalması üçün hər cür əsas var”.

İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyir ki, taxılın idxalı, unun satışı kimi məsələlərdə 18 faizlik ƏDV-nin ləğv edilməsi unun qiymətini avtomatik aşağı saldı. Onun sözlərinə görə, unun qiyməti aşağı düşürsə, bu, un məmulatlarının qiymətinə də təsirsiz ötüşməməlidir: “Makaron, şirniyyat və digər undan hazırlanan məhsulların istehsalı üçün artıq maya dəyərində azalma var. Bu özünü satış qiymətlərində də göstərməlidir. Amma qiymətlərin nə qədər azalması həmin məmulatlar hazırlanan zaman tərkibində unun nə qədər istifadə edilməsindən asılıdır”.

İqtisadçı hazırda bazarda çörək və undan fərqli olaraq, un məmulatlarının qiymətində elə də qiymət azalmasının müşahidə olunmadığını bildirdi.