İqtisadiyyat

Dollar kreditlərinə çarə tapılmır

620
Dollar kreditlərinə çarə tapılmır
Əksər ekspertlər bununla bağlı təklif verir, ancaq...

Əhalinin dollarla olan kreditlərinin məsələsi ciddiləşib. Artıq ikinci devalvasiya vətəndaşların kredit borclarını ödəməsini tamamilə mümkünsüz edib. Əksər ekspertlər dolların bahalaşmasının ağırlığını əhalinin üzərindən götürmək üçün təkliflər versələr də, qarşı tərəf bunu dəstəkləmir. Üstəlik, banklar dirəniş göstərirlər. Bildirilir ki, banklar əksər hallarda kredit borcunu dolların 1,80 manat kursu ilə tələb edirlər.

Ekspertlər daha çox məsuliyyətin Mərkəzi Bankın üzərinə düşdüyünü vurğulayırlar. Son olaraq ekspert Fikrət Yusifov da belə bir təklif verib: “Mərkəzi Bank özünün valyuta rezervlərindən, yaxud xaricdən borclanmaq hesabına son devalvasiya nəticəsində dollarla götürülən kreditlərə görə yaranmış vəziyyəti aradan qaldırmaq üçün manatın yeni məzənnəsi ilə köhnə məzənnəsi arasındakı fərqi banklara ödəməlidir ki, bununla əhali xarici valyutada olan borclarını manatın köhnə (1 dollar 1,05 manat) məzənnəsi ilə ödəyə bilsinlər. Bunu hökumət deyil, məhz Mərkəzi Bank etməlidir. Çünki bir tərəfdən o, yaranmış vəziyyətə görə məsuliyyət daşıyır, digər tərəfdən isə problemləri yoluna qoymaq üçün kifayət qədər geniş imkanlara malikdir”.

Ekspert Vüqar Bayramov da qeyd edib ki, Mərkəzi Bankın vətəndaşlar üçün əlavə xərc yaradan prosesə müdaxilə etməsinə ehtiyac var. O hesab edir ki, borcu olan şəxs kommersiya bankının öz maraqlarına uyğunlaşdırdığı kursa deyil, Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun ödəniş etməlidir ki, banklar tərəfindən aldadılmasın: “Aylıq ödənişin Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla edilməsinin yeni qaydalara daxil edilməsi vacibdir. Bu arada inanmaq istərdim ki, ikinci devalvasiyadan sonra xarici valyuta ilə kreditləri olanlar üçün Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı təkilfim də yaxın zamanlarda Mərkəzi Bank tərəfindən dəyəndiriləcək”.

V.Bayramov qeyd edib ki, Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır. Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır: “Bu isə o deməkdir ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər. Mərkəzi Bank kompensasiya vermədiyi halda vətəndaşlar və biznes subyektləri daxil olmaqla, kredit borcu olanların bu fərqi örtməsi mümkünsuz görsənir. Çünki söhbət heç də kiçik rəqəmdən getmir. Əmək haqları manatla olan kredit götürənlərin bu öhdəliyi qaldırması elə də asan deyil. Bu isə o deməkdir ki, Mərkəzi Bank, Qazaxıstanda olduğu kimi, ən azı istehlak, yəni əhalinin götürdüyü kreditlər üzrə fərqi tam olaraq kompensasiya etməlidir. İkinci devalvasiyadan öncə banklarda olan əmanətlərin həcmi 7 milyard 89 milyon manat idi. Bunun isə cəmi 20 faizi yəni 1 milyard 417 milyon manati milli valyutada saxlanılırdı. Deməli, banklarda xarici valyuta ilə olan əmanətlərin məbləği təxminən 5 milyard 401 milyon dollar idi. Qeyd oluna bilər ki, xarici valyutada saxlanılan əmanətlərin də manat ifadəsində artımlar olub. Amma etiraf etmək lazımdır ki, istehlak kreditləri götürən vətəndaşlarımızın çoxunun banklarda əmanətləri yoxdur və son devalvasiya, sadəcə, onların kredit borclarını manat ifadəsində artırıb”.

Onun sözlərinə görə, dollar ilə olan kreditlərdəki fərqi kompensasiya etmək üçün mənbə də var: “Dövlət Neft Fondunun bu il üçün xərcləri 8 milyard 181 milyon manatdır. Fondun gəlirləri dollar, xərcləmələri isə manatladır. Əgər ikinci devalvasiya olmasaydı, o zaman fond 7 milyard 791 milyon dollar bazarda satıb büdcə öhdəliklərini yerinə yetirməli idi. Hazırda isə fond cəmi 5 milyard 244 milyon dollar xərcləməli olacaq. Deməli, ikinci devalvasiyadan sonra Neft Fondu 2 milyard 547 milyon dollara qənaət etmiş olacaq. Bu isə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə 3 milyard 973 milyon manat qənaət deməkdir. Bu qənaət isə imkan verir ki, vətəndaşların dollarla olan istehlak kreditləri üzrə fərqi kompensasiya etmək mümkün olsun. Bu baxımdan, problemli kreditlərin həcminin artmaması, bank sektorunun son devalvasiyadan ciddi zərərlə çıxmaması və ən əsası əhalinin ödəmə qabiliyyətinin zəifləməməsi üçün Mərkəzi Bankın kompensasiya ödəməsi olduqca vacibdir. Kompensasiya ilə manatın sonuncu dəyərsizləşməsinin neqativ təsirlərini ciddi şəkildə aradan qaldırmaq olar”.(musavat.com)