İqtisadiyyat / Azərbaycan

Prezident xanımı ilə Bayıl bulvarının açılışında - fotolar

746
Prezident xanımı ilə Bayıl bulvarının açılışında - fotolar
İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bayıl bulvarının açılışında iştirak ediblər.

Lidserinfo.az-ın məlumatına görə, dövlətimizin başçısına məlumat verilib ki, Bayıl bulvarının inşasına 2013-cü ildə başlanılıb. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 24 hektar olan yeni istirahət mərkəzinin uzunluğu 2,3 kilometrdir. Burada 16 hektar yaşıllıq zonası yaradılıb.
Dövlətimizin başçısı Bayıl bulvarının rəmzi açılışını bildirən lenti kəsib.

Yeni istirahət mərkəzində müasir işıqlandırma və suvarma sistemləri quraşdırılıb. Dövlət Bayrağı Meydanı istiqamətindən başlayan Bayıl bulvarında görülən işlər Dənizkənarı Milli Parkın simasını daha da gözəlləşdirir, paytaxta xüsusi yaraşıq verir. Bu cür istirahət mərkəzlərində yaradılan infrastrukturun ən müasir tələblər səviyyəsində olması sakinlərin rahatlığı baxımından mühüm əhəmiyyətə malikdir. Xəzərə açılan mənzərə buraya gələn sakinlərin və turistlərin zövqünü oxşayacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının müasirləşməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illərdə yeni istirahət guşələrinin, park və xiyabanların yaradılması xüsusi əhəmiyyət daşıyır. Müasir istirahət mərkəzləri içərisində Bayıl bulvarının özünəməxsus yeri var.

Bir neçə gündən sonra paytaxtımızda əlamətdar və tarixi idman bayramına - birinci Avropa Oyunlarına start veriləcək. Bayıl bulvarının məhz dünyanın diqqət mərkəzində olan birinci Avropa Oyunları ərəfəsində istifadəyə verilməsi çox önəmlidir. Ölkəmizə gələn turistlər Bakıda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinin miqyası ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.