İqtisadiyyat

Daha bir bank-vətəndaş toqquşması... - Bank Respublika vətəndaşın əmlakına həbs qoydurdu

1279
Daha bir bank-vətəndaş toqquşması... - Bank Respublika vətəndaşın əmlakına həbs qoydurdu
Son aylarda banklarla kredit alan vətəndaşlar arasında yaranan gərginlik daha da dərinləşir.

Əvvəllər ancaq problemli - yəni ödənilməyən borclara görə məhkəmə çəkişmələri, müqavilələrə yenidən baxılması halları baş verirdisə, hazırda ödənilən kreditlərlə də bağlı mübahisələr yaşanır. Bir neçə gün öncə “Muğanbank”ın qarşısında sürücü Malik Hüseynovun özünü yandırması vəziyyətin pik həddə çatmasından xəbər verir.

Devalvasiyadan sonra kredit götürdüyü bankla aralarında yaranan problemi çözə bilməyən Masallı sakini Xudaqulu Tahirov müraciət edərək hüquqlarının təmin olunmasını tələb edib. Onun sözlərinə görə, maşın almaq üçün kredit götürdüyü “Bank Respublika”nın tələbi ilə əsassız olaraq əmlakına həbs qoyulub:

“Hər ay krediti ödəyirəm, ancaq ...”

“Mən 2013-cü il sentyabrın 2-də “Bank Respublika”dan maşın almaq üçün 15 min dollar məbləğində kredit götürmüşəm. Müqaviləyə görə, kreditin qaytarılma müddəti 5 ildir. Ötən müddət ərzində müqaviləyə uyğun olaraq hər ay 372 dollar (294 manat) ödəmişəm. İndiyə qədər də stabil olaraq ödəyirəm. Fevral ayında devalvasiyadan sonra kreditlər də bahalaşdı. Lakin mən ondan sonra da əvvəlki məbləği ödədim. Dolların bahalaşması ilə kreditin aylıq ödənişinə əlavə olaraq 28,5 dollar da gəlib. Ancaq mən həmin əlavəni ödəyə bilmədim. Çünki aldığım maaşla bunu ödəməyə gücüm çatmır. Buna görə “Bank Respublika” kredit müqaviləsini ləğv etmək üçün məhkəməyə müraciət edib. Mənim maşınıma da həbs qoyulub, onu istifadə edə bilmirəm”.
Qeyd edək ki, X.Tahirov 44 ildir müəllim işləyir. Aylıq maaşı cəmi 310 manat olan müəllim maşını xəstə atasına və həyat yoldaşına qulluq etmək, onları tez-tez xəstəxanaya və digər müalicə müəssilərinə aparıb-gətirmək üçün alıb. Məlum devalvasiyadan sonra kreditin məbləğində ortaya çıxan fərqi ödəyə bilmədiyini deyən X.Tahirov məsələnin qaydaya salınması üçün dəfələrlə “Bank Respublika”ya müraciət etdiyini deyir: “Mən hər ay çətinliklə də olsa 294 manatı banka ödəyirəm. Bu günə qədər qalıq borcum olmayıb. Araşdırma apararkən bankın problemli kreitlər şöbəsində oldum. Lakin onların siyahısında mənim adım yoxdur. Çünki ödənişi dayandırmamışam. Ancaq devalvasiya nəticəsində yaranan artıq pulu ödəməmişəm. Bunu da yoluna qoymaq üçün bir neçə dəfə yazılı formada banka müraciət etdim. Bildirdim ki, kreditin müddətini uzadaraq aylıq ödənişin məbləğini artırmadan, 10 faiz güzəştlə ödəməni davam etdirim. Ancaq onlar razılaşmayıblar. İndi də həm maşına həbs qoyublar, həm də mənə əlavə faizlər hesablayıblar. Eyni zamanda məhkəməyə verib müqavilənin ləğvini tələb edirlər. Çox pis vəziyyətdəyəm. Həm də 2 ildir borcun bir hissəsini ödəmişəm. Maşınımı niyə əlimdən alırlar?”.

Bank qanunları ayaq altına atıb

X.Tahirov indiyədək götürdüyü kreditin yarısını -7 min 352 dollarını ödəyib. Lakin bankın hesablamalarına görə, bundan sonra hələ 11 min 300 manat da ödəməlidir. Onun “Respublika Bank”la mübahisəsi Suraxanı Rayon Məhkəməsində araşdırılır. X.Tahirov bankın iddiasına etiraz edərək onun rədd edilməsini tələb edib.
Çünki Mülkü Məcəllənin 422.1-ci maddəsinə əsasən, belə hallarda tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

Dollarla kredit vermək olmaz

Manatın kəskin şəkildə devalvasiyası şəraiti əhəmiyyətli dərəcədə dəyişdirib. Bu məsələ Konstitusiya Məhkəməsinin bu ilin mayında verdiyi qərarda da öz əksini tapıb. Qərarın 6-cı bəndinə əsasən, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və diğər ğüzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq, həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir. Bunu hüquqşünas Əkrəm Həsənov da təsdiqləyib. Bildirib ki, əslində kreditin verilməsində və sonrakı proseslərdə ciddi yanlışlıqlara yol verilib: “Həmin kredit müqaviləsi etibarsızdır. Faktiki olaraq bank vətəndaşı aldadıb. Çünki maşın alınması üçün dollar verilə bilməzdi. Axı maşını ölkədə ancaq manatla almaq olar. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin məlum qərarına əsasən, banklar tərəfindən dollar kreditləri üzrə müştərilərə güzəştlər edilməlidir. Beləliklə, vətəndaş müqavilənin etibarsızlığını və güzəştin edilməsini tələb edə bilər”.
Onu da deyək ki, hazırda X.Tahirov kimi ağır kredit yükünün altında olan və əmlaklarını itirmək təhlükəsi ilə üzləşən kifayət qədər vətəndaş var. Banklar öz zərərlərini müştərilərinin hesabına qarşılamağı düşünürlər. Vətəndaşların gəirlərinin azaldığı, ağır durumda olduğu vaxtda bu, onlara daha ağır zərbə vurmaq deməkdir.
Vətəndaşlardan daxil olan məlumatlara görə, hazırda ipoteka kreditlərinin ödənilməsində də ciddi problemlər var. Müştərilərin bir çoxu aldıqları mənzilləri geri qaytarmağa qərar veriblər. Lakin banklarla tikinti şirkətlərinin arasında yaranan mübahisələr həll olunmur. Sonda yenə də itirən vətəndaşlar olurlar. Bütün bu problemlərin yolu ədalətli məhkəmə qərarlarından keçir. X.Tahirovun da işi gələn həftə Suraxanı Rayon Məhkəməsində araşdırılacaq. Ümid edək ki, ədalətli qərar veriləcək.

(Strateq.az )