İqtisadiyyat

Sahibkarlarla bağlı qərarın nəticəsi olacaqmı?

531
Sahibkarlarla bağlı qərarın nəticəsi olacaqmı?
Ekspertlər hesab edir ki, hökumət müvafiq addımları kompleks bir proqram şəklində həyata keçirməlidir

Bir müddət əvvəl sahibkarların problemlərinin dövlət başçısı səviyyəsində etiraf edilməsi bu sahədə problemlərin azalacağına az da olsa, ümid verdi. Dövlət başçısı İlham Əliyev sahibkarların çoxsaylı problemlərini sadalayandan və dəstək vəd edəndən sonra müvafiq fərmanlar, sərəncamlar da imzaladı. Dövlət başçısı artıq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb.

Bu fərmanın müddəalarının vergi yoxlamalarına şamil edilmədiyi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 2.1-ci maddəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidentinin nəzərdə tutulduğu, həmin qanunun 3.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə İqtisadiyyat və Sənaye Nazirliyinin nəzərdə tutulduğu müəyyən edilib.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı" təsdiq edilsin və bu fərmanla təsdiq edilən Siyahıda nəzərdə tutulan yoxlamalara aşağıdakı məhdudiyyətlər müəyyən edilsin:

Yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır;
bu fərmanla təsdiq edilən Siyahıda nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır; sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.

Ekspertlərin bu fərmanla və sahibkarlıqla bağlı vəziyyətin dəyişəcəyi ilə bağlı məsələlərdə fikirləri, mövqeləri fərqlidir. Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, İ.Əliyevin sahibkarlarla bağlı etdiyi çıxışlar artıq problemlərin kəskin həddə çatmasının göstəricisidir: “Əslində ölkədə problemin olduğunu görürlər, sahibkarlığın çox kritik həddə olduğunu, dəstəyin lazım olduğunu, müəyyən addımların atılmasının vacibliyini dövlət başçısı da, hökumət də artıq anlayıb. Pozitiv tərəfi odur ki, biz illərdir bu problemləri gündəmə gətirirdik, amma addımlar atılmırdı. Amma artıq bu yöndə müəyyən addımlar atılır. Amma bu, sistemsizdir, konseptual proqram yoxdur.

Bu son qərarda da görünən odur ki, həm Vergilər Nazirliyində, həm Fövqəladə Hallar Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində yoxlamalarla bağlı funksiyalar yerində qalıb, heç bir dəyişiklik yoxdur. Hətta orada bir yayğın formul var ki, insan sağlamlığına, iqtisadi təhlükəsizliyimizə, dövlət maraqlarına təsir göstərən məqamlar olduğu halda, dövlət qurumları mütləq onlara müdaxilə edib yoxlamalar həyata keçirməlidir. Bu yayğın formul ilə hər hansı bir obyektə hər hansı bir dövlət orqanının müdaxilə etməsinə bəhanə olacaq. Ümumiyyətlə, ölkədə yoxlama funksiyaları olan 15-ə yaxın dövlət və hökumət təşkilatı var ki, onların birbaşa biznes işinə müdaxilə etmək səlahiyyəti var. Bunların səlahiyyətləri qanunvericilik şəklində ya ləğv olunmalı idi, ya ümumiyyətlə azaldılmalı, biznesə müdaxilə etmə dərəcələri aşağı endirilməli idi. Mən şəxsən bir çox qurumların ümumiyyətlə ləğvinin tərəfdarıyam. Sadəcə, onlar biznesin inkişafına maneçilik törədir. Yəni vədlər, təkliflər qanunvericilik şəklində də təsbit olunmalıdır. Qanunvericilik aktlarında dəyişiklik olunmalıydı. Vergi qanunvericliyində ciddi dəyişikliyə ehtiyac var. Orada da dəyişikliklər olmalıdır. Gömrük Məcəlləsi daha şəffaf hala gətirilməlidir.

Bundan sonra Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüyü qəbul etməli idi. Yeni oyun qaydaları ümumiyyətlə biznesə tətbiq edilməli idi. Yəni bütün bunlar kompleks şəkildə olmasa, hər hansı bir fərmanla, çox pozitiv olsa belə, ciddi nəticəsi olmayacaq. Yəni hökumət enində-sonunda kompleks bir proqram şəklində bu addımları həyata keçirməlidir. Bu məsələlər paralel olaraq həyata keçirilməsə, biznesin işində ciddi irəliləyiş olmayacaq. İnhisarçılıqla bağlı da məsələlər paralel olaraq həll olunmalıdır. Azərbaycanda 9 ilə yaxındır ki, Rəqabət Məcəlləsi parlamentdə ilişib qalıb, bu günə qədər bu məsəllə qəbul olunmayıb.

Azərbaycan 1997-ci ildən bilərəkdən Ümumdünya Ticarət Təşkilatı ilə danışıqları uzadır, üzv olmaq istəmir. Bunlar artıq fundamental qanunverici müstəvidə olan məsələlərdir. Bunlar da mütləq həll olunmalıdır. Həm dövlət başçısının, həm hökumət nümayəndələrinin fikirləri onu göstərir ki, hökumətin özü artıq tam şəkildə, çılpaqlığı ilə ölkədəki vəziyyətin nə dərəcədə ağır olduğunu görür. Bu ağırlıqdan iqtisadi vəziyyətin tənəzzülə getdiyini görərək daha ciddi və daha fundamental addımlar atılmalıdır. Addımlar davamlı olmalıdır. Davamlı olmasa, heç bir effekt verməcəyək və bu günə qədər olan problemli vəziyyət daha da dərinləşərək böyük bir böhran halı alacaq”.

Ekspert Fikrət Yusifov isə məsələ ilə bağlı bildirib ki, bu fərmanın qəbul edilməsində məqsəd sahibkarları yersiz yoxlamalardan qorumaq, onları daha da stimullaşdırmaqdır: “Həqiqətən də yersiz, əsassız yoxlamaların sayı çox idi. Kim yoxlaya bilər? Bir ildə bir müəssisəni neçə dəfə yoxlamaq olar? Əslində bu qəbildən olan suallar bütün sahibkarları həmişə düşündürüb və onları narahat edib. Normal şəraitdə zəruri yoxlamaların özü belə müəssisə üçün bir yükdür. Bu yoxlama başa çatana qədər müəsissə rəhbərləri, müvafiq mühasibat, maliyyə işçiləri nə qədər vaxtı itkisinə məruz qalırlar. Bu, zəruri yoxlamanın hər kəsə bəlli olan obyetiv tərəflərdir.

Əgər müəssisəyə aidiyyəti olmayan təşkilatlar da gəlib öz yoxlamalarını keçirirlərsə və bu zaman hansısa qanunsuz tələblər irəli sürülürsə, deməli, sahibkarın işi iflicolma səviyyəsinə çatır. Bəs real olaraq müəssisə hansı hallarda yoxlanıla bilər? Bax bu suala qəbul edilmiş fərmanda və ona əlavədə konkret cavab verilib. Ümumilikdə hesab edirəm ki, Prezidentin bu addımı iqtisadiyyatın daha sürətli inkişafına təkan vermiş olacaq. Mətbuatdan oxuyur, televiziyalardan görürük ki, sözügedən fərman sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yüksək qiymətləndirilir. Onlar bu fərmandan ruhlanaraq öz fəaliyyət dairələrini daha da genişləndirmək əzmində olduqlarını deyirlər.

Aydındır ki, sahibkarların fəaliyyət sferası genişləndikcə onların gəlirləri artacaq və buna uyğun olaraq büdcəyə ödəmələrin də həcmı artacaqdır. Burada bir məqama da diqqət yetirmək lazımdir ki, prezident məsələlərə kompleks yanaşaraq, bir-biri ilə bu və ya digər dərəcədə əlaqəli olan sahələrin hamısında islahat xarakterli tədbirlərin görülməsi istiqamətində addımlar atır. Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi bir tərəfdən, dediyimiz kimi, büdcəyə ödəmələri artıracaqsa, digər tərəfdən ölkədə yeni iş yerlərinin açılmasına zəmin yaradacaqdır. Bu isə öz növbəsində ölkə əhalisinin sosial durumunun daha da yaxşılaşmasına gətirib çıxaracaq”.

Ekspert Pərviz Heydərovun sözlərinə görə isə dövlət başçısının ölkədə sahibkarlığın inkişafına əngəl törədən maneələrin aradan qaldırılmasına dair bütün çağırışları və gördüyü tədbirlər kiçik və orta sahibkarların fəaliyyətinə geniş imkanlar açmaq və buna meydan vermək məqsədi daşıyır: “Çünki əvvəlki izahat və şərhlərimizdə də qeyd etmişdik ki, qanunsuz yoxlamaların ən ağır nəticəsi kiçik və orta sahibkarlığın üzərinə düşür. Başqa sözlə, iri sahibkarlar onlara qarşı yönələn basqılardan pis-yaxşı müdafiə oluna və bundan müəyyən itkilər verməklə olsa da, çıxa bilirlər”. (musavat.com)