İdman / Əsas Xəbər

"Qurban adına"

824
 Bu gün "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov haqda çəkilən filmin təqdimat mərasimi olub.

Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin Azərbaycandakı təmsilçisi Şakir Eminbəylinin müəllifi olduğu ekran əsəri "Qurban adına” adlanır.

Filmdə Qurban Qurbanovun məşqçi kimi Azərbaycanda, eləcə də Avropada qazandığı uğurlardan bəhs olunub.

Təqdimat mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, "Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl, komandanın futbolçuları, məşqçiləri, digər klubların nümayəndələri, Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin Azərbaycandakı təmsilçisi Şakir Eminbəyli və jurnalistlər iştirak ediblər.

Filmin göstərilməsindən əvvəl millət vəkili Qənirə Paşayeva, klubun bir neçə xanım azarkeşi və futbolçular birlikdə "Qarabağ” mahnısını ifa ediblər.

Qənirə Paşayevə Qarabağ torpaqlarından və "Qarabağ” klubunun uğurları barədə danışıb.

Daha sonra mərasimdəki iştirakçılara film təqdim olunub.

Film nümayiş olunduqdan sonra PFL-in prezidenti Ramin Musayev bildirib ki, tutduğu vəzifəyə görə "Qarabağ" haqda danışmaq onun üçün çətindir:

"Bu filmin təsirindən ayıla bilməmişəm. Bu qısa film məni bir anlıq keçmişə qaytardı. Avropa Liqasının püşkü atılan zaman "Qarabağ" adı çıxanda çox kövrəlmişdim. Bundan gözəl təbliğat ola bilməz. Buna görə də bütün klub rəhbərliyinə, furbolçulara və bütün zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Dövlət başçımıza da bizə bu cür şərait yaratdığı üçün minnətdarlığımı bildirirəm. Qurban Qurbanovla birgə işləmişik. Onunla həm də ailəvi dostuq. Qurban Qurbanovun uğurlarına həqiqətən sevinirəm".

Daha sonra isə söz "Qarabağ"ın vitse-prezidenti Tahir Gözələ verilib. O, ilk öncə tədbir iştirakçılarına təşəkkür edib:

"Bu film məni duyğulandırdı. Şakir Eminbəyli çəkdiyi filmlə Azərbaycanda seçilən rejissorlarından biri kimi yaddaşıma həkk olunacaq. Bu gün "Qarabağ" klubunun müxtəlif yaş qruplarında ümumilikdə 160 futbolçusu var. 16 yaşlılardan ibarət komandamız çempion oldu. Onları da təbrik edirəm. Bu gənclərin gələcəkdə Avropada əsas komanda ilə uğurlar qazanacağına inanıram. Avropa Oyunlarında da idmançılarımıza uğurlar arzu edirəm. Bu Oyunlar idmanımızın inkişafına xidmət edir".