İdman

Yüksək vəzifə tutan idmançılar – SİYAHI

800
Yüksək vəzifə tutan idmançılar – SİYAHI
I Avropa Oyunları idman ölkəsi olaraq, ölkəmizin beynəlxalq miqyasda nüfuzunu daha da artırdı.

Çox sevindirici haldır ki, azərbaycanlı idmançılar idmanın müxtəlif növlərində böyük nailiyyətlər qazanır, Azərbaycanımızı beynəlxalq idman yarışlarında layiqincə təmsil edirlər. Nəzərə alanda ki, idman gənclərin sahəsidir, müəyyən yaşdan sonra artıq idmançılar öz sevimli peşələri ilə vidalaşmalı olurlar.

Trend-in əməkdaşı ölkəmizi müxtəlif beynəlxalq yarışlarda uğurla təmsil etmiş, Azərbaycanın bayrağını zirvələrə qaldırmış, hazırda isə müxtəlid dövlət qurumlarında yüksək vəzifə tutan idmançılarımızın siyahısını təqdim edir.

İdmanın karate növü üzrə dünya və qitə çempionu olmuş Ülvi Quliyev hazırda Milli Məclisin deputatıdır. Yasamal seçicilərini parlamentdə təmsil edən deputat paralel olaraq Azərbaycan Azərbaycan Karate do Federasiyaları Assosiasiyasının prezidentidir.

Dəfələrlə dünya çempionu olan və əfsanəvi güləşçilərdən sayılan Xəzər İsayev hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.

Ölkəmizin ən çox medal qazanan idmançıları siyahısında yer alan Eduard Məmmədov daxili işlər orqanlarında çalışır. Polkovnik-leytenant rütbəli idmançı bu gün də kikboksinq üzrə keçirilən beynəlxalq idman yarışlarında iştirak edir.

Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı Namiq Abdullayev də polis orqanlarında çalışır. Polkovnik-leytenant rütbəsi daşıyan idmançı “Şöhrət” ordeni ilə təltif olunub.

Azərbaycanın və MDB-nin ən güclü qadın şahmatçısı sayılan Aynur Sofiyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinidir. Bir müddət Milli Məclisin deputatı və Azərbaycan Şahmat Federasiyasının prezidenti olub.

Doqquzqat dünya çempionu, qadınlar arasında cüdo yarışı üzrə ölkəmizin şərəfini ləyaqətlə qorumuş Zülfiyyə Hüseynova hazırda Dövlət Gömrük Komitəsində məsul vəzifə tutur. O, komitənin Bakı şəhər idarəsində inspektor vəzifəsində çalışır.

Sambo üzrə dəfələrlə dünya çempionatının qalibi olmuş Ceyhun Məmmədov daxili işlər orqanlarında çalışır. Pokovnik-leytenant rütbəli idmançı “Tərəqqi” medalı ilə təltif olunub.

Pekin Olimpiadasının qaibi olmuş Elnur Məmmədli Dövlət Yol Polisi İdarəsində çalışır. Kapitan rütbəli idmançı bu günlərdə mətbuata açıqlama verərək, bizneslə də məşğul olduğunu, “Nömrə 1” adlı supermarketlər şəbəkəsi işlətdiyini deyib.

Doqquzqat dünya çempionu Araz Musayev Fövqəladə Hallar Nazirliyində çalışır. Mayor rütbəli idmançı kikboksinq üzrə ölkəmizin şərəfini qoruyub.

İkiqat dünya çempionu Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidentidir. Bundan öncə “Neftçi” futbol klubunun komanda rəhbəri olub.