Hadisə

Masallı sakini özünü öldürmək istəyir - Qərar var, icra edən yox

602
Masallı sakini özünü öldürmək istəyir - Qərar var, icra edən yox
Masallı rayon sakini Ağayev Elnur Azər oğlu özünü öldürmək istəyir. Bu barədə Liderinfo.az-a o, özü məlumat verib.

1992-ci il təvəllüdlü Elnur Ağayevin intihar etmək istəyinə dələduzluğa məruz qaldıqdan sonra dövlət orqanlarının dərdinə əlac etməməsi olub: "Mən Moskva Univermağında satıcı işləyərkən Masallı rayon sakini Məmmədov Zaur Qalabəy oğlu etibarımdan sui-istifadə edərək 3700 dollar məbləğində qızıl-zinət əşyalarımı alıb və geri qaytarmayıb. Məcbur olub Masallı rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə Zaur Məmmədovun mənə 3700 dollar ödəməsi ilə bağlı qərar qəbul etdi".

Lakin Elnur Ağayev indiyədək pulunu ala bilməyib. Ötən ilin 3 avqustunda Masallı rayon icra şöbəsinin icra məmuru Gündüz Mehdiyev şikayətçiyə bildirib ki, Zaur Məmmədovun yerini hələ də müəyyənləşdirə bilməyiblər.

Zərərçəkən icraçıdan bu cavabı aldıqdan sonra Masallı Rayon Polis Şöbəsinə müraciət edib. Pasport və Qeydiyyat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Seyran Davudlunun cavabı da təxminən eyni olub.

Elnur Ağayev məsələ ilə bağlı dəələrlə Daxili İşlər Nazirliyinin "Qaynar xətti"nə şikayət edib və nazir Ramil Usubovun adına məktub yazıb. Lakin dövlət orqanları hələ də məhkəmə qərarını icra etməyib. Çarəsiz qalan Elnur Ağayev özünü öldürmək istəyir.