Hadisə

Azərbaycanda saxta pul kəsən dəstə tutuldu

894
Azərbaycanda saxta pul kəsən dəstə tutuldu
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib

LİA.AZ saytı DİN-ə istinadən xəbər verir ki, Baş İdarəyə Cəlilabad rayon sakini İsmayıl Quliyevin həmyerlisi Əli Abbasov, Ağdam rayon sakini Təbriz Quliyev, Bakı şəhər sakini Xəyal Rəhimov və Abşeron rayon sakini İlahə Bayramova ilə birlikdə mütəşəkkil cinayətkar dəstə yaradaraq saxta pullar hazırlaması və satış ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Dəstə üzvləri sonuncu dəfə külli miqdarda saxta manatın satışını həyata keçirən zamanı xüsusi əməliyyat nəticəsində cinayət başında yaxalanıblar.

Saxlanılan şəxslərin üzərindən və Bakı şəhərində kirayə qaldıqları mənzildən külli miqdarda - 10 min manatdan artıq saxta pul əskinasları, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Ekspert rəyi ilə müəyyən edilib ki, pul əskinaslarının müdafiə texnikası saxlanılan şəxslər tərəfindən ustalıqla saxtalaşdırılıb.

Dəstə üzvləri bildiriblər ki, saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.