Əsas Xəbər

Səlim Müslümovun Ağsuya boylanmasına ehtiyac var... - PROBLEM VAR

692
Səlim Müslümovun Ağsuya boylanmasına ehtiyac var... - PROBLEM VAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki şöbələrinin fəaliyyəti qaneedici deyil. Nazirliyin tabeliyində olan Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzləri barədə redaksiyamıza tez-tez şikayət məktubları daxil olur. Nazirliyin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsinə baxmayaraq, nazirliyin yerlərdəki qurumları özbaşınalığa, qeyri-qanuni hərəkətlərə yol verirlər. Belə qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzidir.

Sözügedən qurumla bağlı narazılıqlar artmaqda davam edir. Mərkəzdə çalışanlar özbaşınalığa yol verirlər. İşçilər nə bir-birləriylə yola gedirlər, nə də vətəndaşlara qarşı etik qaydalara əməl edirlər. Vətəndaşları get-gələ salırlar. Sözügedən mərkəzə müraciət edən vətəndaşları qeyri-insani rəftara məruz qoyurlar. Bu da rayon sakinlərinin ciddi narazılığına əsas yaradır. Rayon sakinləri mərkəzdə yaşanan özbaşınalıqlar, qanunsuzluqlar barəsində dəfələrlə aidiyyəti orqanlara məlumat versələr də, heç bir nəticəsi olmayıb. Qurumda çalışan məsul şəxslər elədiklərindən qalmırlar. Mərkəzdə qanunsuzluq baş alıb gedir. Ağsu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Seyidməmməd Məmmədov da işinə qarşı biganə münasibət göstərir. Məmmədov rəhbərlik etdiyi qurumda baş verən nöqsanlara göz yumur. Bizə verilən məlumata görə, vətəndaşların ünvanlı sosial yardımla təmin edilməsində Ağsu rayon ƏSMM-i bir sıra qanunsuzluqlara yol verir. Belə ki, sözügedən qurumun rəisi başda olmaqla orada çalışanların əksəriyyəti öz maraqlarına xidmət edir. Vətəndaşları ünvanlı sosial yardımla təmin edərkən bir sıra ciddi nöqsanlara yol verirlər. Redaksiyamıza ünvanlanan məktubda qeyd olunur ki, Ağsu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri quruma gəlir mənbəyi kimi yanaşır. Məktubda o da bildirilir ki, rayon sakinləri ünvanlı sosial yardım almaq üçün mərkəzə yaxınlaşarkən peşman olurlar. Mərkəzin rəisi vətəndaşlara süni əngəllər törədir. Onları süründürməçiliyə məruz qoyur. Qanunla vətəndaşa ünvanlı sosial yardım düşdüyü halda vətəndaşları ünvanlı sosial yardımla müəyyən şərtlər qarşılığında təmin edir. Ünvanlı sosial yardım üçün mərkəzə müraciət edən vətəndaşlar isə məcburiyyət qarşısında qalıb həmin şərtlərlə razılaşmalı olur. Yardımın ilk 3 ayı mərkəzin rəhbərliyinə, qalan ayları isə vətəndaşa çatmalı olur. Lakin bəzi vətəndaşlar haqlarını bildiklərindən bu cür şərtlərə qarşı çıxaraq haqlarını tələb edirlər. Lakin rayon camaatının çoxu öz hüquqlarını bilmədiklərindən bu cür fırıldaqçı şəxslər tərəfindən hüquqları tapdalanır.

Seyidməmməd Məmmədovun rəhbərlik etdiyi qurumda qanunun tələbləri kobud şəkildə pozulur, şərtlərin sərtliyindən sui-istifadə edilərək kasıb vətəndaşlar get-gələ məruz qalır, bürokratik əngəllər yaradılır. Vətəndaşlar qanunun sərtliyi, şərtlərin çoxluğu, üstəlik, "Sobez" işçilərinin süründürməçilikləri şəraitində baş məsləhətçilərin qanunsuzluğu ilə üzləşirlər.

Bundan başqa bəzi vətəndaşların öz hüquqlarını tələb etməmələri, yoxsul ailələrin isə qanunu bilməmələri ünvanlı sosial yardımların verilməsində aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşmasına yox, əmək və əhalinin sosial müdafiəsi mərkəzlərinin ayrı-ayrı işçilərinin varlanmalarına, qanunsuz vasitələrlə öz sərvətlərini artırmalarına şərait yaradır. Ümid edirik ki, bu mərkəzdə yaşanan neqativ hallar araşdırılacaq və lazımi tədbir görüləcək.