Əsas Xəbər

Avropa Oyunlarından dərhal sonra müharibə?!

1399
Avropa Oyunlarından dərhal sonra müharibə?!
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində iki aydan çoxdur nisbətən azalmış gərginlik yenidən artmağa başlayıb.

Xəbər verildiyi kimi, iyunun 26-da axşam təmas xəttinin Naxçıvan istiqamətində Ermənistan ordusunun itki verməsi ilə nəticələnən şiddətli atışma baş verib.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, Azərbaycan tərəfi Sünik vilayətinin Qorxayk kəndi istiqamətindəki erməni mövqelərini iriçaplı pulemyotlardan şiddətli atəşə tutub və bu zaman 1987-ci il təvəllüdlü hərbçi Arman Yepremyan öldürülüb.

Düşmən ölkənin Müdafiə Nazirliyi atışma zamanı "Azərbaycan tərəfinin çoxsaylı itkilər verdiyini” iddia edib.

Virtualaz.org saytı Azərbaycan Müdafiə Nazirliyindən bu insidentlə bağlı hələlik şərh ala bilməyib.

Bu, təmas xəttində yazın əvvəllərindən başlayaraq mühaşidə olunmağa başlayan nisbi sakitlikdən sonra ilk ciddi insidentdir. Belə görünür ki, "Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar münaqişə tərəfləri gərginliyi artırmamaq barədə razılığa gəlmişdilər.

Lakin Ermənistan ordusu oyunların başa çatmasını gözləməyib və bağlanış mərasiminə bir gün qalmış təmas xəttində vəziyyəti yenidən gərginləşdirib. Sonuncu insident həm də Azərbaycan silahlı qüvvələrinin yaradılmasının ildönümünə təsadüf edir.

Hazırda Ermənistanda daxili siyasi vəziyyətin necə gərgin olduğu məlumdur. Prezident Serj Sərkisyan vətəndaş cəmiyyətinin elektrik enerjisinin bahalaşmasına qarşı qəfil başlayan izdihamlı etirazları ilə üzləşib. Günlərdir İrəvanda onun iqamətgahına aparan Baqramyan prospektində nümayişlər ara vermir. Ermənistanda hadisələrin Ukrayna ssenarisini xatırlatdığını göstərən çoxlu əlamətlər var.

Rusiyanın siyasi və ekspert dairələri, Kremlə yaxın mənbələr eyham vurur ki, əgər Ermənistanda Ukrayna ssenarisi işə düşsə o zaman Qarabağda vəziyyət gərginləşəcək. Doğrudur, vəziyyətin gərginləşməsinin iki variantı irəli sürülür.

Birinci variant budur ki, Rusiya siyasi dairələri Ermənistan hakimiyyətini Azərbaycanın bu qarışıq vəziyyətdən istifadə edib Qarabağda hücum əməliyyatlarına başlaya biləcəyi ilə qorxudur.

İkinci variant budur ki, Ermənistanda Sərkisyan devrilsə və onun yerinə qərblə əlaqələri olan qüvvələr gəlsə erməni ordusu yeni ərazilər ələ keçirmək iştahına düşə bilər. Yaxud Sərkisyan etirazları yatırmaq və diqqəti ölkədaxili ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq üçün təmas xəttində vəziyyəti gərginləşdirər.

Əslində hələ İrəvandakı etiraz aksiyalarından əvvəl Ermənistanda ciddi narahatlıq var idi ki, Azərbaycan Avropa Oyunlarının başa çatmasından sonra Qarabağda hücum əməliyyatlarına başlayacaq. Ermənistanda bunun sübutu kimi Azərbaycan ordusunun son aylarda dalbadal döyüş şəraitinə maksimum yaxınlaşdırılmış təlimlər keçirdiyini göstərirdilər. İndi belə görünür ki, vəziyyət bu və ya digər səbəbdən yenidən gərginləşməkdədir və Avropa Oyunlarının başa çatmasından sonra təmas xəttində daha ciddi insidentlərin baş verməsinə hazır olmaq lazımdır.