Əsas Xəbər / Araşdırma

Emin Hüseynov və İsveçrə centlmen sazişini necə pozdu... - TƏFƏRRÜAT

1485
Emin Hüseynov və İsveçrə centlmen sazişini necə pozdu... - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, 10 ay ərzində İsveçrənin Bakıdakı səfirliyində gizlənən RATİ sədri Emin Hüseynov İsveçrə və Azərbaycan hökumətləri arasında əldə olunmuş razılığa əsasən Azərbaycanı tərk edib. O, hazırda İsveçrədədir.

E.Hüseynov rəsmi Bakıya Azərbaycan vətəndaşlığından çıxmaq xahişi ilə müraciət edib və onun bu xahişi də yerinə yetirilib. RATİ sədrinə bu ilin sentyabrına qədər İsveçrədə yaşamaq üçün viza da verilib.

Lakin Azərbaycan hökumətinə yaxın mənbələrdən virtualaz.org saytına məlum olub ki, həm İsveçrə hökuməti, hə də Emin Hüseynov sonuncuya Bakını tərk etməyə imkan yaradan centlmen sazişini kobud şəkildə pozublar.

Liderinfo.az saytına Azərbaycan hökuməti ilə İsveçrənin sabiq prezidenti Didye Burkhalter arasında əldə olunmuş centlmen sazişinin bəzi yeni təfərrüatları da məlum olub.

Məlum olduğu kimi, E.Hüseynov vergi ödəməkdən yayınmaqda ittiham olunurdu. Lakin İsveçrə hökuməti azərbaycanlı QHT rəhbərinin vergi borclarını bu ölkənin büdcəsi, öz vergiödəyicilərinin hesabına ödədi. İsveçrə Azərbaycana E.Hüseynova görə 247 min 551 min manat ödəniş edib.

Bundan əlavə, İsveçrə hökuməti kimi E.Hüseynov da Azərbaycanın siyasi rəhbərliyinin nümayiş etdirdiyi xoşməramlı jestdən sui-istifadə edib. Belə ki, E.Hüseynov İsveçrə hökumətinin zəmanəti ilə öz üzərinə Qərbdəki antiazərbaycan təbliğat kampaniyasında iştirak etməmək barədə öhdəlik götürüb. Məlum olduğu kimi, E.Hüseynov azad olunduğu ilk gün bu centlmen sazişinə riayət edərək isveçrəli jurnalistlərin suallarını cavablandırmaqdan imtina etmişdi.

Lakin bir neçə gündən sonra vəziyyət dəyişdi. E.Hüseynov öz öhdəliyinə zidd gedərək amerikalı jurnalist Kristian Amanpurun CNN telekanalındakı proqramında gözlənilmədən “partlayıb”.

Doğrudur, ingiliscə çox bərbad danışması və savadsızlığı E.Hüseynova bu məsələdə çox ciddi şəkildə mane olub. Yəni Qərbin tələbkar auditoriyası onun nə demək istədiyini anlaya bilməyib, daha doğrusu, kəmsavad müsahib nə demək istədiyini anlada bilməyib.

Bununla belə özünü “ictimai xadim” adlandıran bu şəxsin primitiv və savadsız çıxışına qulaq asanda söhbətin hər halda Azərbaycan hökumətinin ünvanına növbəti böhtandan və yalanlardan getdiyini başa düşmək olurdu.

Görünən budur ki, E.Hüseynov üzərinə götürdüyü öhdəliyi həyat yoldaşının təsiri altında pozub. Onun həyat yoldaşı isə ABŞ hərbi-kəşfiyyat xidmətinin əməkdaşıdır.

Lakin bu amil İsveçrə hökumətini öz dövlətinin ərazisində sığınacaq verdiyi siyasi qaçqının hərəkətinə görə məsuliyyətdən heç bir halda azad etmir. Çünki sözügedən centlmen sazişinin qarantı kimi məhz İsveçrə hökuməti çıxış etmişdi.

Vergi ödəməkdən yayınan Azərbaycan vətəndaşını öz vergiödəyicilərinin hesabına xilas etmiş İsveçrə hökuməti başa düşməlidir ki, belə hərəkətlər iki ölkə arasındakı əməkdaşlığa gələcəkdə təsir göstərə bilər. Axı Azərbaycan tərəfi bu ölkənin siyasətçilərinin missiyasının səmimiliyinə və humanist xarakterinə inanmışdı. İsveçrə hökuməti tərəfindən himayə olunan E.Hüseynovun sonrakı addımları bu cür cəhdləri şübhə altına sala bilər.

Bizi izləməyə davam edin.