Əsas Xəbər / Azərbaycan

Azərbaycanda dəri ayaqqabı istehsalı artıb

1577
Azərbaycanda dəri ayaqqabı istehsalı artıb
Toxuculuq sənayesində isə 68% azalma müşahidə olunub

Azərbaycanda dəri ayaqqabı istehsalı illik 93,7% artaraq cari ilin yanvar-may ayları ərzində 53,8 min cütə çatıb.

Lidrinfo.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədə ayaqqabı üçün 315 ton dəri istehsal olunub. Hesabata əsasən ölkədə dəri istehsalı illik 2,2 dəfə artaraq cari il yanvar-may ayları ərzində 534,5 min kv.metr təşkil edib. Qoyun və ya quzu dərisindən hazırlanan dəri istehsalı da illik 71,1% artaraq cari ilin ilk beş ayı ərzində 319,4 ton olub.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 10,8 mlrd manatlıq məhsul istehsal olunaraq 3,7 %-lik artım qeydə alınıb. Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 12,4 %, neft-qaz sektorunda isə 1,4 % üstələyib.

Hesabat dövründə toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələrində 23,7 mln manat həcmində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında 2,6 dəfə artım, geyim istehsalında 7,2%, toxuculuq sənayesində isə 67,8% azalma müşahidə olunub.