Əsas Xəbər

Hərbi ekspert Paşinyanın “həssas və ağrılı” fikrini şərh etdi

Hərbi ekspert Paşinyanın “həssas və ağrılı” fikrini şərh etdi
"Onlar əsir deyil, terrorçudurlar".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənli Ermənistanın Baş naziri Nikol Paşinyanın "Təəssüf ki, bu gün hərbi əsirlər məsələsini həll edə bilmədik, bu, çox həssas və ağrılı məsələdir" fikirlərinə aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, Azərbaycan ərazisində Azərbaycanın hüquq-mühafizə orqanları, silahlı qüvvələrindən başqa əlində silah olan kəs terrorçudur:

"Azərbaycan 9 noyabr bəyanatının şərtlərinə, o cümlədən əsirlərin qaytarılması məsələsinə tam əməl edir. Həmin gündən sonra bölgəyə sülhməramlılar gəlib. Əsirlər "hamının-hamıya" prinsipi ilə qaytarıldı. Ondan sonra Hadrut istiqamətində erməni birləşmələrinin böyük hərbi dəstəsi əsir alındı və sülhməramlıların əli ilə birinci hissə qaytarıldı. İkinci dəfə bu hadisə təkrarlandı. Bunlar terrorçudur, onları bağışlamaq olmaz. Amerika, Almaniya, Avropa, Rusiya, Türkiyə terrorçularla necə davranırsa, Azərbaycan da elə davranır. Terrorçu məhv edilməlidir. Terrorçu sağ ələ keçirilirsə, məhkəmə qulurlur və ömürlük həbs cəzası verilir. Belə hal davam edə bilməz".

Emin Həsənli bildirib ki, erməni silahlı birləşmələri hələ də Qarabağ ərazisindədir:

"Onların Qarabağda cinayətkar fəaliyyətinə Azərbaycan imkan verməyəcək. Yəni, Azərbaycan hansısa qoşun növü ilə Qarabağda anti-terror əməliyyatları keçirməkdə tam haqlıdır. Əgər erməni silahlı birləşmələri bu hadisəni davam etdirsə, çıxıb getməyəcəksə, bəyanata əməl etməyəcəksə Azərbaycan həmin əməliyyatı keçirəcək. Paşinyan sülhün əldə edilməsi və Ermənistanın bölgədə inkişafını istəyirsə, bunlara əməl etməlidir:

1. Qarabağdan silahlı birləşmələr çıxmalıdır;

2. Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır;

3. Ermənistan bəyan etməlidir ki, ora Azərbaycanın ərazisidir;

4. Ermənistan Azərbaycan dövləti və xalqından üzr istəməlidir;

5. İndiyə kimi törətdikləri terror, soyqırım və cinayətə görə təzminat ödəməyi qəbul etməlidir.

Bütün bunlardan sonra vəziyyətə baxmaq olar. Yox, bu cür terror fəaliyyəti davam edəcəksə, Azərbaycan dövləti konkret addımlar atacaq. Ermənistanda müxalifət tələb edir ki, əsirlər geri qaytarılsın. Onlar əsir deyil, hərbici də olmayıb, terrorçudur".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada keçirilən üçtərəfli görüşün nəticələrindən danışarkən əsirlərin dəyişdirilməsi ilə bağlı məsələnin həll olunmadığını bildirib.