Əsas Xəbər

"Mən media və saytlar vasitəsilə xəbərləri və məlumatları izləyirəm, oxuyuram"- PREZİDENT

976
"Mən media və saytlar vasitəsilə xəbərləri və məlumatları izləyirəm, oxuyuram"- PREZİDENT
Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşün detalları məlum olub.

Detallar barədə AzNews.az-a danışan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu İ.Əliyevin mətbuatla bağlı maraqlı açıqlamalar verdiyini deyib.

Prezident görüşdə əvvəlcə xarici media vasitələrində Azərbaycana qarşı aparılan qara pr kampaniyalarına toxunub. O, ikili standartlara xidmət edən və Azərbaycanın əleyhinə olan yazıların arxasında erməni lobbisinin “uzunqulaq”larının dayandığını vurğulayıb. Bildirib ki, erməni lobbisi üçün Azərbaycan bir nömrəli düşmən kimi hədəflənib və onlar mümkün imkanlardan, təsir vasitələrindən, maliyyə resurslarından istifadə edərək Azərbaycana qarşı ikili standartlar çərçivəsində beynəlxlaq media vasitəsilə kampaniyalar aparırlar.

Prezident daha sonra medianın Azərbaycan dövləti üçün ciddi rol oynadığını qeyd edib. O, medianın idarəetmədə və islahatlar prosesində, o cümlədən məmur özbaşınalığının, qanunsuzluğun qarşısının alınmasında əvəzsiz olduğunu bildirib.

İlham Əliyev xəbərləri internet üzərindən bilavasitə özünün oxuduğunu deyib: “Mənim köməkçilərim bəzi məlumatları gizlətməyə çalışırlar, amma onlar görürlər ki, mənim xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram. Bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıyam”.

Bundan başqa, prezident idarəetmədə islahatlara ehtiyac olduğunu vurğulayıb. İ. Əliyev bu məsələdə medianın dəstəyinə və köməyinə ehtiyac olduğunu bildirib.

Qeyd edib ki, Azərbaycan dövləti internet resurslarının güclənməsinə və ən tirajlı media internet resurlarının xarici dillərdə versiyalarının yaradılmasına çalışacaq və bu işdə media vasitələrinə hər cür dəstək verəcək.
LİDERİNFO.AZ