Əsas Xəbər

Rektorun yeni gülməli «taktikası»

939
Rektorun yeni gülməli «taktikası»
Mustafa Babanlı xoşu gəlmədiyi müəllim haqqında mətbuatda rəy yaradıb, sonra da işdən çıxarır

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ona qarşı çıxan və ya etiraz edən müəllimləri işdən qovmaq üçün yeni taktika fikirləşib. Liderinfo.az JAM.AZ xəbər verir ki, rektor bunun üçün ilk olaraq medianın gücünə arxalanmaqdadır.

Belə ki, mətbuata Akif Muradov adlı şəxs tərəfindən ADNSU-nun «tələbələri adından» müraciət yaydırır və ardından da haqqında məlumat yayılmış müəllimi ya işdən çıxarır, ya da cəzalandıraraq, özünə tabe etdirir.

Həmin müraciətlərdən daha biri dünən yayılıb. Yenə də Akif Muradov adlı «tələbə» Fərid Ağayev adlı müəllimin iqtidara qarşı çıxdığını bildirib və ondan şikayətçi olduqlarını yazıb. Onun yazdığına görə, Fərid Ağayev guya, dərs demir, mövcud hakimiyyətə və YAP-a qarşı çıxışlar edir. Hətta onu «tələbələri inqilaba çağırmaqda» ittiham edirlər. «O, unversitet rəhbərlərinə, xüsusən prorektorlara qarşı təbliğat aparır. Bu da biz tələbələrdə haqlı narazılıqlara səbəb yaradır. Universitet rektorunun əmr və göstərişlərinə məhəl qoymur. Mövzuların elektron variantını tələbələrə vermir. Məcbur mühazirə yazdırır. Mühazirə yazmayanlarla prinsip aparır, universitetdən qovdurmaqla hədələyir. Sizdən xahiş edirik mövcud hakimiyyətə, hakim partiyamıza-Yeni Azərbaycan Partiyasına qarşı çıxan Ağayev Fərid barəsində tədbir görülməsi və onun keçmişinin araşdırılması üçün bizə köməklik göstərəsiniz».

Qeyd edək ki, bu məlumatların nə dərəcədə həqiqət olduğunu demək xeyli çətindir. Çünki hazırkı dönəmdə heç bir universitetdə hər hansı bir müəllim o cəsarətin sahibi olub, tələbələri inqilaba səsləyə bilməz və ya səsləməz. Digər tərəfdən, Fərid Ağayev həqiqətən də belə cəsarətli müəllim idisə, niyə bundan öncə onun haqqında hər hansı bir tədbir görülmürdü? Aydın məsələdir ki, ADNSU-nun rektoru Mustafa Babanlı ona qarşı çıxanlarla mübarizə aparmağın ən bəsit yolunu seçib. Və nəticə etibarı ilə hərəkətləri «müxalif»lərini daha çox şərləmək, şantaj etmək görüntüsünü yaradır.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.