Əsas Xəbər

99 YP 482 nömrəli DYP-dən və Hüseynov Tanrıverdi sürücülərə "qan uddurur" - BAKIDA NÖVBƏTİ POLİS MAXİNASİYASI

1669
99 YP 482 nömrəli DYP-dən və Hüseynov Tanrıverdi sürücülərə "qan uddurur" - BAKIDA NÖVBƏTİ POLİS MAXİNASİYASI
Bəzi Dövlət Yol Polisi əməkdaşları haqqında informasiya portalına son zamanlar ilginc məlumatlar daxil olur.

Məlumatların bir qismi saxta radar cərimələri, digər qismi isə polislərin kol-kos arasında gizlənərəq qəfildən “peyda” olmaları ilə bağlıdır. Məsələnin ciddiyyətini nəzərə alaraq bu “şərəfli” görəvi öz üzərinə alan bir sıra DYP-çilər haqqında silsilə yazılar dərc etməyi qərarlaşdırdıq.

İlk şikayətlərdən biri 99 YP 482 nömrəli DYP işçisi Hüseynov Tanrıverdi Qaçay oğlu haqqındadır. Həmkarlaımızdan birinin başına gələn hadisə olduğu kimi təqdim edirik:

“Polis işçisi mənim maşınımı əylədi. Əvvəlcə reyd olduğunu dedi (hərçənd ki, reyd keçirilməsinin protokolu təqdim edilməli idi), içkili olub-olmağımı yoxladı. Texniki aparat vasitəsilə içkili olmadığım sübüt olundu. Əl-qərəz, sonra “rəis” dedi ki, siz avtomobil idarə edərkən telefondan istifadə etmisiniz və 50 manat cərimə yazıram. Etiraz etmək istəsəm də bunun mənasız olduğunu görüb susmağa qərar verdim. Yanında əyləşən polis isə hər vasitə ilə rəisə “hörmət” etməyimin “unikal variant” oldğuna işarə edirdi. Təbii ki, mən bununla razılaşmadım. Daha sonra Tanrıverdi müəllim avtomobilin daha bir ödənilməmiş cəriməsi olduğu dedi və sürücülük vəsiqəsinin onda qalacağını dedi. Bunun qanuna zidd olduğunu, heç bir halda sürücülük vəsiqəsənin polis tərəfindən alınmasının düzgün olmadığını desəm də etirazım kinayə ilə qarşılanırdı. Beləliklə, polis sürücülük vəsiqəmi götürüb getdi və növbəti gün Xırdalandakı yol polisi idarəsinə yaxınlaşmağımı məsləhət gördü.

Elə ən çirkin məzərə isə bundan sonra başladı. Saat 9-da başlanan proses günorta saat 1-də başa çatdı. Sanki ölkə rəhbərliyinin məmurlar qarşısında qoyduğu tapşırıqların buraya heç bir aidiyyatı yoxdu. Yüzlərlə insan 25 il öncə olduğu kimi, süründürülür. Rüşvət, "hörmət" adi hal alıb.

Daha sonra idarədən dedilər ki, 99 YP 482 seriyalı polis avtomobili “Ekologiya” postuna aiddir, siz ora müraciət edin. “Ekologiya” postuna çatdıqda isə onlar yenidən Xırdalana getməyimi, cərimələri ödəməyimi və arayışla birgə onlara yaxınlaşmağımı bildirdilər.

Yenidən “QOR QAİ”yə yaxınlaşdım, güc-bəla ilə 403-cü otağı tapdıq. Yüzlərə adamın növbəyə düzüldüyü məşhur 403-cü otaq elə deyildiyi kimi də vardı: Kimisi otaqda “krupnu” cərimələrini sildirir, kimisini cəriməsi başqa birisinin üzərinə yönəldilir, bir sözlə anarxiya.

Birtəhər arayışı alıb yenidən “Ekologiya” postuna yaxınlaşdım. Buradan da dedilər ki, yanlışlıq olub, Siz Badamdardakı “QOR QAİ”ya yaxınlaşmalısınız. Əl-qərəz Badamdardakı “QOR QAİ”nın 2 nömrəli otağında isə əsl “konsert” getdi. Mülkü formada olan kiçik “rəis” sürücülük vəsiqəmi götürərək üstünə “şirinlik” qoymağımı xahiş etdi. Rəisə “şirinlik” (təxminən 200-300 AZN) verilməyəcəyi təqdirdə sənədlərin məhkəməyə göndəriləcəyi ilə hədələdi. Adamın üstünə Allah var. Özümü media işçisi kimi təqdim etdikdən və “tupoy” olmadığımı gördükdən sonra vəsiqəm özümə qaytarıldı, həm də təmənnasız. Həzərat, 99 YP 482 nömrəli DYP-çi Hüseynov Tanrıverdi tərəfindən “ucu qoyulan” missiya beləcə öz fəaliyyətini başa vurmuş oldu.

İkinci redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Hüseynov Tanrıverdi həm də “ayıq sürücü”lərin yaxın dostudur. Belə ki, “Ayıq sürücü” xidmətindən istifadə edən sürücülər əvvəlcə gedəcəkləri ünvanla bağlı 90 YP 482-ni məlumatlandırırlar. Daha sonra mənzilə başına çatmağa 20-30 metr qalmış sükanı içkili vətəndaşa təhvil verirlər. “Pusqu”da duran 99 YP 482 nömrəli DYP isə dərhal “şikarın” üstünə hücüm çəkərək minimum 400-500 manat məbləğində qazanc əldə etmiş olur.

P.S. Redaksiyamıza 99 YP 482 nömrəli və başqa DYP avtomobilləri ilə bağlı daha bir neçə fakt daxil olub. Faktlar tam dəqiqləşdirildikdən sonra saytımızda dərc ediləcəkdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

7news/az