Əsas Xəbər

İqtisad universitetində qalmaqal

1705
İqtisad universitetində qalmaqal
Rektorun korrupsiya piramidasında ŞOK ADLAR ortaya çıxıb

Bakı Dövlət İqtisad Universiteti yenə çalxalanır. Yeni rektor təyinatı təhsil ocağının rüşvət mənbəyini silkələyib. İndi ali məktəbdə iqtisadi korrupsiya dalğası canlanıb. Bu da rektor Ədalət Muradovun sayəsində baş tutub.

TİA.AZ-a verilən məlumata görə, rəhbərlik özünü müasir və rüşvətə qarşı mübarizə aparan qüvvə kimi təqdim edə bilməyib. Əksinə, bu ali məktəbi daha betər günə salıb.
Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhslin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə artıb.
Mənbə TİA.AZ-a bildirir ki, Ədalət Muradov ADİU-nun rektoru postuna 2014-cü ilin mart ayında təyinat alıb. Buna qədər isə universitetə Şəmsəddin Hacıyev rəhbərlik edib.
Düzdür, Şəmsəddin Hacıyevin zamanında da universitetdə hər şeyin ideal vəziyyətdə olduğunu iddia etmək olmaz.
Amma bir məqam da unudulmamalıdır ki, Şəmsəddin Hacıyevin rektorluq illərində ADİU bir sıra uğurlara imza atıb, təhsil ocağının nailiyyətləri dəfələrlə ən yüksək səviyyələrdə müsbət qiymətləndirilib.
Ədalət Muradovun gəlişindən sonra isə onunla bağlı gözləntilər daha çox idi. Təhsil kluarlarında və ictimaiyyətdə belə bir ümid vardı ki, Ədalət Muradov Şəmsəddin Hacıyevdən qalma uğurlu ənənəni layiqincə davam etdirəcək.
Amma, necə deyərlər, sən saydığını say, gör, Ədalət Muradov nə sayır?...Saymaq mətləbinin üstünə gəlmişkən, son bir il ərzində ADİU-da rüşvətxorluq az qala rəsmiləşib.
Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, artıq tələbələr semestrdən semestrə artan rüşvət məzənnəsindən boğaza yığılıblar və universitetdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etməyi planlaşdırıblar.
Daxil olan məlumata görə, Ədalət Muradov universitetə rektor təyin olunduqdan dərhal sonra bir sıra qaranlıq əməliyyatlara imza atıb.
Həmin qaranlıq əməliyyatlar içərisində şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox şeylər var. Əldə etdiyimiz informasiyada bildirilir ki, hazırda ADİU-ya xarici universitetlərdən bir tələbənin köçürülməsi 30 min manata, Azərbaycanın digər ali məktəblərindən isə 20 min manata başa gəlir.
Daha sonra mənbələr ADİU-da tətbiq olunan yeni qaydalar barədə müəyyən açıqlamalar verirlər.
Bu xüsusda məlumatlarda bildirilir ki, Ədalət Muradov rektor təyin olunandan sonra “maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb.
Məsələn, məlumatlarda bu gün ADİU-da fakültə dekanlarının ayda 2000 manat məbləğində “əmək haqqı” aldıqları qeyd olunur.
Bunun müqabilində isə universitetin rəhbər işçilərinə qarşı tələbələrdən pul yığımı prosesinə qətiyyən qarışmamaq tələbi irəli sürülüb. Belə ki, hazırda bu proses rektor tərəfindən təyin olunmuş xüsusi adamların nəzarətinə verilib.
Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır.
Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.