Dünya / İdman

I Avropa Oyunlarında bizi təmsil edəcək kayakçı və kanoeçilər müəyyənləşib

690
I Avropa Oyunlarında bizi təmsil edəcək kayakçı və kanoeçilər müəyyənləşib
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək kayakçı və kanoeçilər, onların yürüş edəcəkləri məsafələr, eləcə də yarış qrafiki müəyyənləşib. Oyunlarda milli komandanın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında 7 idmançı mübarizə aparacaq.

Kanoeçilərin mübarizəsində əsas diqqət 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkoya yönələcək. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Taras Matviyçuk isə 1 nəfərlik qayıqla (K-1) 1000 metr məsafəyə yürüş edəcək. Aleksey Kupin və Avropa çempionu Sergey Bezuqlıydan ibarət duet 2 nəfərlik qayıqla (C-2) də 1000 metr məsafəni qət edəcək.

Kayakçılardan 1 nəfərlik qayıqla (K-1) Mirnazim Cavadov 200 metr, Tamerlan Mustafayev 1000 metr məsafəyə yürüşlərə qatılacaq. Qadınların mübarizəsində isə olimpiya çempionu İnna Osipenko-Radomskavaya 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüş edəcək.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında kayak və kanoe yarışları 14 - 16 iyunda Mingəçevir şəhərindəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində keçiriləcək.