Azərbaycan

Uşaq yorulur, nazirlik “yox” deyir, məktəb isə davam edir

651
Uşaq yorulur, nazirlik “yox” deyir, məktəb isə davam edir
Azərbaycanda orta təhsili yorucu edən nədir - dərs yükü, uzun tətillər, yoxsa?..

Məlum, bu ildən etibarən məktəblilər iyunun 15-nə qədər dərs yükünü çəkmək məcburiyyətindədir. Səhərlər ayaqlarını sürüyə-sürüyə məktəbə gedən uşaqları, eləcə də onların valideynlərini görəndə bu qaydanın hansı səbəbdən, necə bir məntiqlə həyata keçirildiyi sual olaraq gündəmə gəlir.

Dərs həftələrinin sayı cəmi 2 həftə artıb?

Və elə məhz bu səbəbdən dərslərin iyunun 14-də bitməsinə etiraz olaraq, sosial şəbəkədə “Dərslər 1 sentyabr-25 may arasında keçirilsin” adı altında petisiya keçirilir. Təhsil Nazirliyindən isə bu məsələyə münasibət bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin “”Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında" 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Bu qərar 2014-2015-ci dərs ili başlandıqdan sonra qəbul olunduğundan həmin dəyişiklik 2015-2016-cı dərs ilindən etibarən ümumtəhsil məktəblərində tətbiq edilməyə başlanıb. Bununla da dərs ili ərzində tədris həftələrinin sayı artırılaraq orta hesabla 32,8-dən 34,8 həftəyə çatdırılıb.

Nazirlikdən bildirilib ki, inkişaf etmiş dövlətlərin əksəriyyətində tədris həftələrinin sayı 37 və daha artıqdır. Bu dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması olub. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu. Bütün bunlar isə təhsil alanların sağlamlığına mənfi təsir göstərirdi.

Tədris ilinin müddətinin dəyişdirilməsinin hava şəraiti ilə əlaqəsinə gəldikdə isə, nazirlikdən bildirilib ki, iyunun 1-dən 15-dək olan hava şəraiti ilə sentyabrın 1-dən 15-dək olan hava şəraiti demək olar ki, eynidir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilmiş məlumata görə, son 10 ildə aparılmış müşahidələrin nəticələri göstərir ki, ölkə ərazisində iyun ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu 22,40 C, mütləq maksimum temperaturu 38,30 C, mütləq minimum temperaturu 11,00 C, sentyabr ayının 1-dən 15-dək olan dövr üçün havanın orta temperaturu 21,90 C, mütləq maksimum temperaturu 38,00 C, mütləq minimum temperaturu 9,40 C olub. Göründüyü kimi, həmin ayların temperatur göstəricələri demək olar ki, eynidir”.

Tətil məsələsində... liderik?

Amma burada maraq doğuran bir məqam da var. Belə ki, dünyada heç bir ölkə tətil günlərinin sayı məsələsində bizimlə rəqabət edə bilməz. Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur.

Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük tətil İsveç məktəblilərinin dərs ilini iki hissəyə bölür. Yaponiyada ildə iki böyük tətil - martın sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədərsə ənənəvi qış tətilidir.

Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. “Marta Break” adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.
Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yəni ildə 4 ay.

Bundan başqa, İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.

Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq oluna bilər.

Tətil çox, dərs yükü ağır - nə etməli?

Ümumiyyətlə, tətillərlə bağlı yeni “Təhsil haqqında” Qanunda heç nə yazılmayıb. İbtidai, ümumi orta və tam orta təhsildə tətillərin nə qədər nəzərdə tutulması qanunda göstərilməyib. Yəni tətillərin müddəti və sayı qanunla tənzimlənmir. Məsələn, İngiltərədə əsas məqsəd şagirdlərin sərbəst bilik qazanması və onun təcrübədə tətbiqidir. Uşaqlar ən çox kitabxana və laboratoriyalarda məşğul olur, tez-tez yoxlama esseləri və layihələr yazır. Azərbaycan məktəbləri isə sovet dövründə olduğu kimi mərkəzləşmiş qaydada idarə olunur. Tətil günləri və dərsin müddəti vahid mərkəzdən müəyyənləşdirilir.

Ekspertlər hesab edir ki, qəbul imtahanları, şagird biliklərini yoxlama proqramları Azərbaycan məktəblilərinin orta məktəb proqramını mənimsəyə bilmədiyini göstərir. Bu, tətil günlərinin çoxluğu, dərslərin həddən artıq ağır olması ilə bağlı ola bilər. Tətillər o prinsiplə müəyyənləşməlidir ki, uşaqlar tədris olunan fənni mənimsəsinlər. Amma indiki tədqiqatlar göstərir ki, bu sahədə qüsurlar var. Yuxarı sinif şagirdləri kütləvi şəkildə dərsdən yayınır. Azərbaycan təhsilində xaotik bir durum yaranır. Dərslərin 15 sentyabra keçirilməsi ilə əlaqədar 15 gün müddətinin harasa sığışdırılması məsələsi vardı. Dərs ilinin 15 sentyabra keçirilməsi məktəblərimizə yenilik gətirmədi. 1 sentyabr nostaljisini unutmağa gətirib çıxardı. Rasional yanaşsaq, uşaqlar daha çox evlərdə təhsil alırsa, tətillərin sayının azaldılması daha məqsədəuyğundur.

Daha bir detal yay məktəbləri ilə bağlıdır. Belə ki, Qərbdə yay məktəbləri olduğu üçün uşaqlar il boyu mənimsədikləri bilikləri həmin məktəblərdə möhkəmləndirirlər. Ölkəmizdə elə təcrübənin olmaması da uzunmüddətli tətillər zamanı uşaqlarda ətalətin yaranmasına səbəb olur. Necə deyərlər, yay vaxtı məktəblilər yüklənir, yay tətilində isə onların biliyinin təkrarlanması və bu fənni unutmaması üçün heç bir tədbir görülmür.

Ən çox oxuyan şagirdlər... hansı ölkədə yaşayır?

Müqayisə üçün bir-iki xarici ölkənin orta məktəb təcrübəsini də yada salaq. Məsələn, Kanadada orta təhsil ingilis və ya fransız dillərində aparılır. Ölkədə dövlət, özəl, böyük, kiçik, sərbəst, pansion və ali təhsil müəssisələrinin nəzdində məktəblər fəaliyyət göstərir. İctimaiyyət tərəfindən maliyyələşən məktəblərə də tələbat duyulur.

6 yaşında I sinfə daxil olan uşaqlar məktəbdən, eləcə də əyalətdən asılı olaraq 11 və ya 12 il təhsil alırlar. Yalnız bundan sonra universitetlərə daxil olmaq istəyən abituriyentlər kolleclərdə 2 illik hazırlıq bölməsində oxuyurlar.

Məktəblərdə uşaqlara əsas (riyaziyyat, qrammatika, ədəbiyyat və düzgün yazılış, Kanadanın siyasi strukturunun əsaslarından ibarət fənlər) və təbiət elmlərinə dair (fizika, biologiya və bu qəbildən olan digər fənlər) fənlər qrupu tədris olunur. Qeyd edilən fənlərlə yanaşı, məktəblərdə kompüter vərdişləri, xarici musiqi kimi fənlər də keçirilir. Yuxarı siniflərdə isə qeyd edilən fənlər üzrə biliklərin möhkəmləndirilməsi davam etdirilir.

Eyni zamanda, ölkə üzrə geniş yayılmış xüsusi pansion məktəblər də fəaliyyət göstərir. Əcnəbilərin təhsil aldığı belə tədris ocaqları, əsasən katolik məktəblər hesab olunur. Kanadada təxminən 170 dövlət və xüsusi kollec fəaliyyət göstərir. Bunlar regional kolleclərə, texniki institutlara və CEGEP kolleclər sisteminə bölünür.

Üçillik bakalavr proqramları mövcud olan kolleclər hər hansı bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Son illər eksperiment olaraq üçillik kollecləri bitirmiş məzunlara xüsusi bakalavr dərəcəsi verilir.

Kolleclərdə, əsasən informasiya, texnologiya, dizayn, mühasibatlıq, biznesin idarə olunması, mehmanxana və turizm idarəetməsi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Nəzəri biliklər ixtisas üzrə təcrübə məşğələləri ilə vəhdət təşkil edir.

Almaniyada bütün uşaqlar altı yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə getməlidirlər. Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən, uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə - əsas məktəb, real məktəb və gimnaziyaya daxil olurlar. Məktəblər şagirdlərin bacarıqlarına olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər.

Bundan əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə bilirlər. Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyur və sonda kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan asılı olaraq tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə başa çatır. Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq hüququ verir.

Məktəblərin əksəriyyətində dərslər günün birinci yarısında aparılır. Məktəb təhsili torpaqların səlahiyyətinə daxildir. Məktəb siyasəti isə təhsil və mədəniyyət nazirliklərinin Daimi Şurası tərəfindən əlaqələndirilir.
(musavat.com)