Araşdırma

Yasamalda daha bir söküntü QALMAQALI - FOTOLAR

632
Yasamalda daha bir söküntü QALMAQALI - FOTOLAR
Bakının Yasamal rayonunda dörd tərəfdən çoxmərtəbəli binalarla əhatə olunmuş həyətdə daha bir göydələn tikilir. “Elit city” MMC tərəfindən məhkəmənin qərarını gözləmədən Zahid Xəlilov küçəsi, 30A, 36A, 36B, 36V, Əhməd Cəmil küçəsi, 23, 25, 27 və Şəhriyar küçəsi, 5 ünvanında yerləşən binaların həyətində qanunsuz olaraq tikilən bina bu həyətə nəinki avtomobillərin, sakinlərin belə giriş-çıxışını çətinləşdirir. Bu şikayətlə virtualaz.org-a göstərilən ünvanlarda yaşayan sakinlər müraciət ediblər.

Onların sözlərinə görə, sözügedən ünvanlarda yürləşən üç 9 mərtəbəli, bir 5 mərtəbəli binada ümumilikdə 300-dən çox mənzil var. Binalar dördbucaqlı formada tikilib və həyət qapalıdır. Binalardan əlavə, həyətdə mənzillərinin ümumi sayı 24 olan qəzalı vəziyyətdə 3 fin evi də var. Şikayətçilər deyir ki, əraziyə baxış keçirilmədən, çoxmərtəbəli mənzil tikintisi üçün yer olub-olmadığı araşdırılmadan, şirkət fin evlərini sökərək yerində göydələn ucaltmaq niyyətindədir.

“Yasamal rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunmazdan 10 gün əvvəl bu ünvanda çoxmərtəbəli bina tikintisinə icazə verilməsi üçün sərəncam imzalayıb. Lakin biz şikayət etdik, sərəncamın ləğvi iddiası ilə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia qaldırıldı. Qərar verildi ki, ekspertiza keçirilsin və 15 sentyabrda ekspertiza keçirildi. Hazırda iş məhkəmədə ola-ola “Elit city” MMC fin evlərini sökərək məhkəməyə təzyiq edir. Rayonun icra başçısı əvəzi Səməd İslamov da oktyabrın 9-da göndərdiyi məktubunda 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin qərarını gözləmək lazım gəldiyini bildirib. Biz ekspertizanın rəyini gözləyirik, amma şirkət gözləmək istəmir”, - deyə şikayətçilər bildirirlər.

Sakinlər bildirir ki, fin evləri cəmi 4 sot torpaqda tikilib, yeni inşa ediləcək bina isə 12 sotda tikilməli, ümumi sahəsi 1200 kvadrat mert olmalıdır. Bu plan yalnız ağac və yaşıllığın məhv edilməsi hesabına reallaşa bilər. Şirkət mart ayından işə başlayıb, ağacları kəsərək yaşıllıqları məhv edib.

Xatırladaq ki, sakinlər sözügedən şirkətin Yasamal rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyevin yaxın ətrafına məxsus olduğunu iddia edirlər.