Araşdırma / Azərbaycan

Sakinlər Elxan Usubovu gününü keçirməkdə ittiham edirlər - ŞİKAYƏT

1110
Sakinlər Elxan Usubovu gününü keçirməkdə ittiham edirlər - ŞİKAYƏT
Zaman-zaman bəzi məmurların törətdiyi əməllərdən, vətəndaşların müxtəlif rayonların icra başçılarından şikayət etmələrindən, vətəndaşların incidilməsindən, həmçinin müxtəlif qanun pozuntularından söz açmışıq ki, bu durumların bəzilərnə reaksiya gəlsə də, bəzi məmurlar əvvəlki metodları ilə işləməkdə israrlı görünürlər.

Təbii ki, biz bunu əsassız demirik. Bunu daxil olan şikayətlərə, iradlara, vətəndaşların narazılıqlarına əsasən demək mümkündür. Ümumiyyətlə, dəfələrlə olub ki, bölgələrdən icra başçılarından və onların törətdikləri qanunsuz əməllərdən məlumatlar əldə etmiş və həmin məlumatları da işıqlandırmağa çalışmışıq. Yeri gəlmişkən qeyd edək ki, dövlət başçısı hər fürsətdə məmurların etik qaydalara riayət etməli olduğunu, vətəndaşları incitməmələrini, onların problemlərini həll etməli olduqlarını vurğulayır və bir sıra tapşırıqlar verir. Lakin hər dəfə edilən xəbərdarlıqlardan sonra bəzi məmurlar bu duruma riayət etsələr də, bir müddət sonra əvvəlki qaydaları ilə işləməyə davam edirlər. Əldə etdiyimiz məlumatlara əsasən, elə Şəki şəhər İcra Hakimiyyəti Başçısı da, məhz belələrindəndir. Onu da diqqətinizə çatdıraq ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısı haqqında mediada dəfələrlə tənqidi yazılar dərc olunmuş, həmçinin şikayətlər yer almışdır.

Lakin bütün bunlara rəğmən, rayonda vətəndaşlara yaradılan problemlər azalmaq əvəzinə, günbəgün daha da artır. Bilməyənlər üçün qeyd edək ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısı Usubov Elxan Zabir oğludur. Məlumat üçün qeyd edək ki, Elxan Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir. 2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. İcra etdiyi işə təyinat aldığı gündən isə, vətəndaşlar onun işindən narazı olublar. Belə ki, rayonda icra etməli olduğu heç bir işi görmür, yalnız öz mənfəətini güdərək, günlərini keçirməklə məşğuldur.

Elə bu səbəbdən də, Elxan Usubovun fəaliyyəti rayon sakinlərinin ciddi narazılığına səbəb olub. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamıza daxil olan şikayətə görə, icra başçısı əhalini narahat edən problemləri həll etməkdə maraqlı görünmür. Şəki rayon sakinlərinin dediyinə görə, Elxan Usubov Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra, bütün önəmli strukturlara özünə yaxın olan adamları təyin etdirib. Həmçinin əldə edilən məlumatlara görə, icra başçısı vətəndaşlarla tez-tez görüşlər keçirib, onların problemlərilə maraqlanmaq əvəzinə, Şəki camaatına qarşı böyük haqsızlıqlar edir.

Əldə edilən məlumatlara görə, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərinin bir çoxu icra başçısına məxsusdur. Bundan başqa, Elxan Usubovun Şəkidəki süd zavoduna da şərikdir. Həmçinin məlumatlarda o da qeyd olunur ki, M.F.Axundov prospektində yerləşən "Şəki" oteli, Kiş kəndindəki "Narınqala", "Şam bağı", "Cənnət bağı", Dağüstü park deyilən yerdəki "Panaroma" oteli də, Şəki Şəhər İcra Hakimiyyətinin başçısının nəzarətindədir. Qanuna əsasən, hansısa bir məmurun sahibkarlqla məşğul olması, biznes qurması yolverilməzdir.

Lakin deyilənlərə diqqət etdikdə, burada qanuna zidd olan əməllərin olduğu açıq-aydın görünür. Bu isə o deməkdir ki, Elxan Usubov qanunları kobud şəkildə pozur. Ümumiyyətlə, Elxan Usubovun idarəçiliyi rayon camaatını qətiyyən qane etmir. İcra hakiminin bir-birini sıralayan qanunsuzluqları artıq şəkililəri təngə gətirib. Onu da qeyd edək ki, Gürcüstanın dövlət idarələrində çalışan bəzi şəxslərlə münasibət yaradan icra başçısının orda özünə böyük fındıq zavodu tikdirdiyi söyləntiləri var. Sakinlərin iddialarına görə, icra başçısı biznes qurması ilə yanaşı, həm də rayonda fəaliyyət göstərən mədəniyyət və turizm məkanlarından da gəlir əldə etməyə çalışır. Belə ki, vaxtilə girişi pulsuz olan tarixi məkanlara hazırda pul ödəməsən, daxil olmaq olmur.

Və deyilənə görə, bu icra başçısının tapşırığıdır. Bütün bunlarla yanaşı, bir də dövlət tərəfindən ayrılan kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan pulların da hara xərclənməsi məsələsi məlum deyil. Belə ki, şəhərin mərkəzində əsas yollar yaxşı vəziyyətdə olsa da, digər yollar bərbad vəziyyətdədir. Halbuki dövlət başçısı həmin yolların əksəriyyətinin təmiri üçün vəsaitlər ayırıb. Bütün bu faktlar bir daha onu göstərmiş olur ki, Elxan Usubov həqiqətən də, Şəki şəhərində heç bir iş görmədən, gününü keçirməklə məşğuldur.