Araşdırma

"İnci", mirvari deyil.... qoçuluqdur mənim adım... - ŞİKAYƏT VAR

1252
"İnci", mirvari deyil.... qoçuluqdur mənim adım... - ŞİKAYƏT VAR
Yanvarın 15-də saytımızda ““İnci” şirkəti satdığı məhsullara zamin dururmu?” başlıqı yazı dərc olunmuşdu. Həmin məqalədə deyilirdi: “Qafqaz Xəbər Agentliyinə müraciət edən vətəndaşlardan biri “İnci” şirkətindən narazılıq edib. Məlumat üçün bildirək ki, “Quick S” şirkətinin elektrik qəfədanlarını ölkəmizə “İnci” şirkəti idxal edir. Redaksiyamıza şikayət edən vətəndaş bildirib ki, “İnci” şirkəti neçənci dəfədir ona problem yaradır. Belə ki, vətandaş bir neçə dəfə “İnci” şirkətinin dükanlara satış üçün payladığı elektrik qəfədanlardan aldığını, ondan sonra qəfədanların ikisinin təmirə ehtiyacı olduğunu bildirib. Vətəndaşın sözlərinə görə, o, qəfədanı aldığı dükan vasitəsi ilə təmirə göndərsə də, qəfədanlar ona 3 aydan sonra qaytarılıb – amma bərbad vəziyyətdə: “Hətta qəfədanın birinin yenidən təmirə ehtiyacı var.

Qəfədanın xarici görünüşündən görünür ki, qəfədan təmirdə olan zaman yerdən-yerə atılıb, qəfədanın üz hissəsində atıldığı yerlərin izləri, yəni cızıqlar təkrarlanır”. Şikayətçi vətəndaş mətbuat vasitəsi ilə “İnci” şirkətinin alıcılarına bu problemi çatdırmaq istəyir ki, qoy həmin şirkətin alıcıları yaranan bu problemdən özləri üçün də bir nəticə çıxarsınlar: “Bir sözlə, “İnci” şirkəti satdığı elektrik qəfədanlara sahib çıxmaq istəmir”. Əməkdaşımız “İnci” şirkəti ilə əlaqə saxladı, şirkətdən təsdiq etdilər ki, “Quick S” elektrik qəfədanlarını ölkəmizə onlar idxal edirlər və həmin qəfədanlar dükanlara satış üçün zəmanətlə paylanılır. Turanə adlı xanım əməkdaş bizimlə söhbətində bildirib ki, “bütün elektrik avadanlıqlarına bir illik zəmanət var, hər hansı problem yarandıqda məhsullar mağazalardan servisə yönəldilir.

Saytın əməkdaşları problemi araşdıraraq maraqlı bir hadisə ilə üzləşiblər. “İnci” şirkətinin əməkdaşı olan Sərvan adlı şəxs jurnalistlərə bildirib ki, sizin yazdıqlarınızdan bizim şirkətin adına heç bir xələl gələ bilməz, çünki, “İnci” şirkətinin arxası yuxarı eşalona bağlıdır”. Şirkət nümayəndəsinin əməkdaşımıza qürrə ilə “bizə heç nə edə bilməzdiniz” – deməsi, əlbəttə, şirkət daxilindəki arxayınlıqdan irəli gəlir.

Rəhbərlikdən sıravi əməkdaşlara qədər, bu şirkətdə bu qədər arxayınlıq olarsa, təbii ki, müştərilərə də, mətbuata da laqeyd münasibət nümayiş edilər. Biz Qafqaz Xəbər Agentliyi olaraq İnci şirkətinin əməkdaşı olan Sərvan adlı şəxsə və şirkətin rəhbərliyinin nəzərinə çatdırmaq istəyirik ki, “İnci” şirkəti yuxarı eşalonda kimə bağlı olduğunu biz jurnalistlər araşdırıb ictimaiyətin nəzərinə çatdıracağıq. Cənab prezident İlham Əliyev hər dəfə öz çıxışlarında vurğulayır ki, korrupsioner məmurlarla mübarizə aparmaq lazımdır, onların qanunsuz biznes şəbəkələrini aşkar edib ictimaiyətə çatdırmaq lazımdır. Dövlət başçımızın bu sözlərindən yola çıxaraq, biz də öz növbəmizdə daim məmurların gizli biznesləri, qanunsuz hərəkətləri və yekəxanalıqları ilə bağlı daim diqqətçəkən yazılar dərc etmişik. Problemi gündəmdə saxlıyacağıq və “İnci” şirkətinin yuxarı dairələrdə kimlərə bağlı olduğunu tezliklə oxucuların diqqətinə çatdıracağıq.