Araşdırma

Təhsil sahəsində problemlər boğaza qədərdir... - ŞİKAYƏT VAR

762
Təhsil sahəsində problemlər boğaza qədərdir... - ŞİKAYƏT VAR
Bu günlərdə bizimdovr.az-a ardıcıl daxil olmuş iki müraciətdə Bakı Dövlət Sosial-İqtisad Kollecində baş verən rüşvətxorluq hallarından bəhs olunur.
Məlum olduğu kimi, hələ 2013-cü ilin fevral ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən bu təhsil müəssisəsində uzun müddət fəaliyyət göstərən korrupsiya şəbəkəsi ifşa edilmişdi. Keçirilən anti-korrupsiya əməliyyatı zamanı kollecin digər əməkdaşları ilə yanaşı, qiyabi təhsil şöbəsinin keçmiş müdiri İlqar Əzizova qarşı ittiham irəli sürülərək, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Həmin vaxt yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçirmiş və nəticədə kollecin müəyyən əməkdaşları əllərində rüşvət üçün verilən pullarla tutulmuşdular.
Bundan sonra kollecə nazir Mikayıl Cabbarovun əmri ilə İlham Vəliyev direktor təyin edildi. Lakin, artıq üç ilə yaxın bu təhsil ocağına rəhbərlik edən İlham Vəliyev, əvvəllər kollecdə mövcud olan neqativ halları nəinki aradan qaldırmayıb, hətta iddialara görə, problemlərin sayı daha da artıb. Qeyd edək ki, Bakı Dövlət Sosial-İqtisad Kolleci 1966-cı ildə cəmi 150 tələbə və 11 müəllimlə texnikum kimi fəaliyyətə başlayıb. Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı ilə Bakı Plan İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial-İqtisad Kolleci yaradılıb. Hazırda kollecdə 1500-dən çox tələbə əyani və qiyabi şöbələrdə təhsil alır. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, İlham Vəliyevin rəhbərliyi altında kollecdə təhsilin səviyyəsi xeyli aşağı düşüb. Kollecdəki mənbələr bildirir ki, İlham Vəliyevin bu müddət ərzində həyata keçirdiyi “islahatları” heç də mütərəqqi adlandırmaq olmaz. Belə ki, kollecdə elə əvvəllər olduğu kimi, bu gün də qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilir. Məsələn, bu gün Bakı Dövlət Sosial-İqtisad Kollecində sessiyanı “uğurla” başa vurmağın qiyməti artıq 300-350 manat məbləğində müəyyənləşdirilib. Qeyd edək ki, bu məbləğ hazırda kollecdə Bank işinin təşkili ixtisası üzrə təhsil alan tələbələrdən biri tərəfindən göstərilib. Eyni zamanda da kollecin məzunlarından biri bizimdovr.az-a açıqlama verərək, burada oxuduğu müddət ərzində 6 sessiyaya 2 min manat “xərci çıxdığını” bildirib. Bundan başqa, aldığımız açıqlamalara görə, kollecə yeni qəbul olmuş tələbələr növbəti dərs ili başlayandan tələbə biletlərini və qiymət kitabçalarını almaq üçün get-gələ salınırlar. Bəzi imkanlı tələbələr isə, rüşvət müqabilində dərslərdən azad olunurlar ki, bu da birbaşa müəssisədə davamiyyətin aşağı düşməsi ilə müşayiət olunur. Öz növbəsində bu hal da əlbəttə ki, kollecdə tədrisin səviyyəsinə öz mənfi təsirini göstərməyə bilməz. Bu arada, yazının əvvəlində məxsusi olaraq nədən məhz kollecin qiyabi təhsil şöbəsinin keçmiş müdiri İlqar Əzizovun adını çəkdiyimizə aydınlıq gətirək. Məsələ bundadır ki, aldığımız məlumatlarda hazırda bu şöbəyə rəhbərlik edən Adil Gülalıyevin özbaşınalıqlarından bəhs edən açıqlamaların çoxluğu diqqəti cəlb edir. Maraqlıdır ki, bu “təhsil işçisi” hələ öz sələfinin həbsindən heç bir il keçməmiş artıq müəyyən qalmaqalları ilə mətbuatın gündəminə çıxa bilmişdi. Belə ki, hələ 2014-cü ilin yanvar ayında mətbuata daxil olan məlumatlarda qeyd olunmuşdu ki, kollecin təlim-tərbiyə işlər üzrə direktor müavini Teymuraz Əfəndiyevlə Adil Gülalıyev, sessiya imtahanları üçün yığılan pulun bölgüsü zamanı aralarında yaranmış mübahisə zəminində əsil yumruq davasına çıxıblar. Belə ki, direktor müavini şöbə müdirindən pulları tələb edərkən o pulun bir hissəsini vermək istəməyib. Teymuraz Əfəndiyev isə pulu tam istəyib. Nəticədə müəllimlər tələbələrin gözü qabağında yumruq davasına çıxıblar. Hətta onların bir-birinin üz-gözünə xəsarət yetirdiyi iddia olunurdu...
Yeni aldığımız məlumatlarda isə, hazırda Bakı Dövlət Sosial-İqtisad Kollecində mövcud durumun daha gərgin olduğu bildirilir. Vurğulanır ki, manatın devalvasiyası və bu əsasda ölkədə müşahidə olunan bahalaşma fonunda, kollec rəhbərliyi tərəfindən tələbələrə qarşı irəli sürülən pul tələbləri də xeyli sərtləşdirilib...

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.