Araşdırma

Deputatla qardaşı vətəndaşa 300 min manat “atıb” – Mənzil qalmaqalı

748
Deputatla qardaşı vətəndaşa 300 min manat “atıb” – Mənzil qalmaqalı
Ötən günlərdə deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun Bakıdakı lombardlardan birindən 165 min manat götürərək, indiyə qədər vermədikləri barədə yazmışdıq

Şikayətçi Məlahət Qurbanova jam.az-a bildirmişdi ki, hadisə 2013-cü ildə baş verib və ona dəyəri 300 min manat olan mülk verilsə də, sonradan nə pulunu geri ala bilib, nə də həmin mülkü.

Amma gələn şikayətlərdən belə məlum olur ki, Cəbrayılov qardaşlarının «məharətləri» bununla bitmir. Onların daha bir sahədə «uğurları» varmış.
Bakı sakini Osman Hacıyev yazır ki, onun deputat və qardaşı ilə tanışlığı dostu Mirəhməd Abbasov vasitəsi ilə yaranıb. «Mirəhməd Abbasov işlədiyim lombarda gələrək pul götürüb, qaytarmışdı. Bu şəkildə onunla dostluq əlaqəmiz yaranmışdı. Günlərin birində mənə dedi ki, bəs, deputat Rəfael Cəbrayılovla şərikdir və onda ucuz qiymətə mənzillər var. Mən də ona olan etimadımdan dolayı 52 min manat verərək, mənzil aldım».

Şikayətçi bildirir ki, 52 min manat verib aldığı mənzil, Rəfael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun adına olan «Dərhal» MMC tərəfindən Mehdiabad qəsəbəsində inşa edilmiş Binəqədi Gənclər Şəhərciyində yerləşir. «Həmin kompleksdəki 2-ci bina, 1-ci blok, 3-cü mərtəbədə yerləşən 117 kv.metrlik mənzili aldım. 14.09.2012-ci ildə müqavilə bağlanıldı və sənədlər də verildi. Bu yaxanlarda eşitdim ki, ortaqların inşa etdiyi binalarda problemlər yaranıb. Hətta onlarla iş görən bir neçə ortaqlarını da aldadıblar».

Məsələdən şübhələnən Osman Hacıyev araşdırmalara başlayıb və əldə etdiyi nəticə onu şoka salıb. Araşdırmaları sonucunda ona satılan mənzilin əvvəlcədən başqasına da satıldığını öyrənib. Hətta həmin adam çıxarış alıb.
«Məsələ ilə bağlı Baş Prokurorluğa müraciət etdim. Oradan bildiriblər ki, Rəfael Cəbrayılovun sürücüsü Vüqar bu işləri onlardan xəbərsiz edib. Bununla bağlı Rəfael və Elşən Cəbrayılovlar, habelə Mirəhməd Abbasov Nəsimi polisinə ərizə ilə müraciət ediblər. Ancaq bu inandırıcı deyil. Ona görə ki, Vüqar bu işi təkbaşına edə bilməzdi. Aydın məsələdir ki, Rəfael və Elşən ciddi problemlə üzləşəcəklərindən dolayı belə bir addım atıblar. Əgər Vüqar bu işi təkbaşına görürdüsə, bəs, 300 min manatlıq mənzilin sənədlərini niyə mənə Mirəhməd Abbasov verirdi? Üstəlik, əgər Vüqardan şikayət verilmişdisə, bəs, necə olur ki, həmin şəxs hazırda yenə də Rəfael Cəbrayılovun sürücüsüdür? Bu da bir nəticə verməyib. Ona görə də, Prezident Admnstrasiyasına müraciət edib, Fuad Ələsgərovla görüşməyə çalışdım. Cəhdlərim alındı və mənə bildirdilər ki, məsələ ilə Baş Prokurorluq məşğul olacaq. İndi cavab gözləyirəm”, – deyə Osman Hacıyev vurğulayıb.

Osman Hacıyev dövlət başçısına müraciət edərək, deputat Rəfael Cəbrayılov və qardaşının əməllərinlən zərər çəkdiyini və bu işdə ona yardımçı olmalarını istəyib.